Hacıqabulda heyvandarlıq məhsulları istehsalı ilbəil artır. Rayonda əsas təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir, hərtərəfli qayğı göstərilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün rayonda müxtəlif tədbirlər həyata keçirilir, yeni-yeni heyvandarlıq təsərrüfatları, quşçuluq kompleksləri və süni mayalanma məntəqələri yaradılır. Görülən işlər nəticəsində də rayonda mal-qaranın baş sayı, ət, süd, yun və yumurta istehsalı artır.

Rayon statistika idarəsindən verilən məlumata görə, hazırda Hacıqabulun heyvandarlıq təsərrüfatlarında 35 min 113 baş iribuynuzlu mal-qara, 133 min 272 baş qoyun-keçi bəslənilir. Naxırlarda ana inək və camışların sayı 15 min 311 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər ət, süd və yun istehsalının da artmasına müsbət təsir göstərib.
Yola saldığımız 2019-cu ildə rayonda 9 min 345 ton ət (diri çəkidə), 19 min 773 ton süd, 231 ton yun, 344 milyon 623 min ədəd yumurta istehsal olunub ki, bu da 2018-ci ildə istehsal olunan ətdən 20,02 faiz, süddən 8,2 faiz, yundan 0,19 faiz, yumurtadan isə 15,4 faiz çoxdur.

(Azertac)