Vətəndaş bankdan kredit götürüb, daha sonra əmlakını, işini itirib və banka olan borcunu qaytara bilmir. Bu halda bank həmin şəxsə qarşı hansı tədbirləri görə bilər? Əgər bank vətəndaşı məhkəməyə verərsə, həmin şəxs inzibati qaydada həbs edilə bilərmi?

Bununla bağlı e-huquq.az-ın suallarını vəkil Xəqani İmanov cavablandırıb.

Onun sözlərinə görə, bu gün Azərbaycanda hüquqi və fiziki şəxslərin kredit ehtiyaclarını banklar və bank olmayan kredit təşkilatlari ödəyir: "Ümumiyyətlə ölkəmizdən vətəndaşlara verilən ən geniş kredit növü istehlak kreditləridir. Bunun başlıca səbəbi banklar istehlak kreditləri verərkən vətəndaşdan təminat tələb etmir. Bir çox banklar keyfiyyətə deyil, kəmiyyətə üstünlük verirlər. Vətəndaşlar adətən öz ehtiyaclarını təmin etmək məqsədi ilə banklardan ödəmə qabiliyyətindən daha çox kredit məbləği istəyir. Belə olan halda vətəndaşlar ödəmə qabiliyyətindən artıq borc yükünün altına girir və nəticədə ödəməmə problemi yaranır. Ümumiyyətlə problemli kreditlərin mütləq əksəriyyəti təminatsız verilən kreditlərdə özünü büruzə verir. Təminatlı kredit növlərinin təminatı olduğundan onun yığılmasında problemlər nəzərəçarpacaq dərəcədə çox deyil. Kredit verən bank və ya bank olmayan kredit təşkilatları istənilən halda, daşınmaz əmlakı hərraca çıxarıb, kreditin ödənilməsinə bir nail olurlar. Kredit borcuna görə, vətəndaşların həbs edilməsi həm daxili qanunvericiliyə, həm də beynəlxalq konvensiya ziddir. Belə ki, vətəndaş kredit borcuna görə, o vaxt inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər ki, bank və ya bank olmayan kredit təşkilatından kredit götürən şəxs kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq, kredit borcunu banka qərəzli şəkildə ödəmir və kredit təşkilatı preblemli kredit kimi qeydə almalı, yaranmış preblemi təhlil etməli və ödənişə nail olmalıdır".

Vəkil bildirib ki, əgər vətəndaş ödəniş edə bilmədikdə, bank məhkəməyə müraciət etməli və müvafiq məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra qərar borclunun yaşadığı və ya işlədiyi ərazidəki icra məmuruna göndərilməlidir: "İcra məmuru borcluya 10 gün vaxt verir ki, borc öhtəliyini könüllü olaraq ödəsin. Əgər borc bu vaxt ərzində ödənmirsə, borclu şəxsin əmlakı olduğu sübut olunursa və o, bilərəkdən borcu ödəməkdən yayınırsa, üzürsüz səbəbdən, tam qərəzli şəkildə borcunu ödəməkdən yayınmasını sübut edə bilərsə, icra məmuru məhkəməyə müraciət etməlidir. Məhkəmə də onu əsaslandırmalıdır ki, bu insanın həqiqətən də imkanı var və ödəniş etmir. Yaxud da, işləmək imkanı var, amma işdən yayınır. Belə olan halda İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən, cərimə oluna, hətta 1 aya kimi inzibati həbs cəzası ala bilər. Vətəndaş borcunu bundan sonra da qərəzli şəkildə öhtəliklərini icra etməzsə və borcu qaytarmaqdan imtina edərsə, artıq onun üçün cinayət işi açıla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinə əsasən, 3 ilə qədər azadlıqdan məhrum oluna bilər. Ona görə də, birbaşa, konkret olaraq borc öhtəliyinə görə müştərinin həbsi nəzərdə tutulmur. Sadəcə məhkəmə qətnaməsinin icra edilməməsinə görə, qanunvericilikdə belə bir tədbirlər var".

X.İmanov qeyd edib ki, daxilii qanunvericiliyin bu normalarından sui-istifadə edən kredit təşkilatları və icra məmurları tərəfindən vətəndaşa təzyiq vasitəsi kimi istifadə edilir və son zamanlar borcular və zaminlərə qarşı geniş istifadə edilməyə başlanıb: "Bizim yanımıza kredit borcu olan vətəndaşlar gəlir. İşsizdi, əmlakı yoxdu və borcu ödəyə bilmir. İzah edirik ki, ödəyə bilmirsə, ödəməməlidir. Vətəndaş cavab verir ki, buna görə şəxslərin həbs edildiyini eşitmişəm. Onlar borcunu istənilən yolla geri qaytarmaq üçün muxtəlif cinayətlərə əl atmalı olur və hətta banka olan borcuna görə insanlar intiharada əl atır. Mənim fikrimcə, əgər vətəndaşın gəliri yoxdursa, o borcunu ödəyə bilmirsə, bu onun təqsiri deyil. Daxili qanunvericiliyimizə görə, şəxsə cəza yalnız o, təqsirli olarsa, verilə bilər.

Bundan başqa, borca görə həbs Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiya olan Avropa Konvensiyasının tələblərinə əsasən də qadağan edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Belə bir müddəa olan halda Azərbaycan Respublikasınında tərəfdar çıxdığı "İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında" Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs borca görə azadlıqdan məhrum edilə bilməz. Vətəndaşlar öz hüquqlarını bilmədiklərinə görə, bundam istifadə edən icra məmurları icraatlarında olan iş yükünü azaltmaq məqsədi ilə vətəndaşları həbs hədəsi ilə borcunu ödətdirməyə çalışırlar amma bu tamamilə qanunsuzdur".