Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə məxsus “SmartPay” ödəmə sisteminə 2 yeni xidmət əlavə olunub.

Bir çox xidmətləri vahid platformada toplayan “SmartPay” ödəmə sisteminə artıq “e-agro” Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi və “Bakı Sığorta” Agentliyi də qoşulub. Bununla da fermerlər və sığorta etdirənlər ödənişlərini “SmartPay” vasitəsilə rahat şəkildə həyata keçirə biləcəklər.

Bundan əlavə, “Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri "Play Store"da “SmartPay Wallet” yazıb axtarış etməklə tətbiqi mobil qurğularına yükləyib ödənişlərini edə bilərlər.

“SmartPay” 400-ə qədər ödəniş təminatçısını özündə birləşdirir. Bu xidmət vasitəsilə “SmartPay” terminallarından və 1425 poçt filialından ödəniş etmək mümkündür. İstifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə və mühafizəsinə yüksək şəkildə təminat verən “SmartPay” ödəmə sistemi Azərbaycanın bütün ərazisini əhatə edir. “SmartPay” vasitəsilə istifadəçilər kommunal ödənişlər, bank xidmətləri, sığorta ödənişləri, mobil cihazların qeydiyyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi, mobil nömrələrdə balansın artırılması və s. kimi xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, ödənişlərin qəbzlərini yaddaşda saxlamaq istəyən istifadəçilərə qeydiyyatdan keçmək və əməliyyatları şəxsi kabinet üzərindən etmək tövsiyə olunur. Azərbaycanın İKT yönümlü ilk qurumlarından olan Məlumat Hesablama Mərkəzi (MHM) 1974-cü ildə fəaliyyətə başlayıb. Qurum ölkəmizdə Data Analiz və Smart həllərin ilkin mərhələlərinin formalaşmasında bünövrə rolu oynayıb. “İSO 9001:2015” beynəlxalq keyfiyyət sertifikatına malik Məlumat Hesablama Mərkəzi ölkə əhəmiyyətli bir neçə layihənin texniki operatorudur. Mərkəz Elektron İmza, Bilinq sistemi, Açıq Məlumatlar Portalı, Mobil Cihazların Qeydiyyatı Sistemi, “AzDataCom” şəbəkəsi, “Smartpay” ödəmə sistemi və s. kimi rəqəmsal xidmətlər göstərir. Ölkəmizin rəqəmsal transformasiyası, virtual sferada güclənməsi, həmçinin yüksək texnologiyaların tədqiqi və tətbiqi qurumun strateji hədəfidir. Məlumat Hesablama Mərkəzi haqqında daha ətraflı məlumatı rabita.az saytından ala bilərsiniz.