Dövlət Toxum Fondu fermerlərin yüksək məhsuldar toxumlarla təmin olunması üçün daim işlər aparır. Kənd Təsərrüfatı Nazirliyindən bildirilir ki, fond bu məqsədlə 28 dekabr 2018-ci il tarixində Rusiya Federasiyasından 38 ton "Udaça" sortlu, birinci reproduksiyalı kartof toxumunun idxalını həyata keçirib.

Yüksək məhsuldar, ölkənin iqlim şəraitinə uyğun və vegetasiya dövrü qısa olan bu toxumlar Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən anbardan 01 mart 2019-cu il tarixində kartofçuluq üzrə inkişaf etmiş Cəlilabad, Qazax və Gədəbəy rayonlarında fəaliyyət göstərən torpaq mülkiyyətçilərinə təqdim olunub. Qeyd edək ki, təqdim olunan toxumların müşayiətedici sənədləri və toxumluq olması barədə sertifikatları var. Bu da onların əkin keyfiyyətinin yüksək olması ilə yanaşı, gələcəkdə toxumçular tərəfindən istehsal olunan məhsulun toxum kimi istifadəsinə imkan yaradacaq.