“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti təmas xəttinə yaxın rayonlarda, şimal rayonlarında və ölkənin bütün istiqamətində mineral gübrələrin səyyar satış xidmətini təşkil edir.

ASC-dən verilən məlumata görə, bu günə qədər davam edən səyyar satışdan 300-ə yaxın kənd üzrə ümumilikdə 1523 vətəndaş yararlanıb. Daxil olan müraciətlərə əsasən hər gün 4 qrup olmaqla respublikanın müxtəlif kənd və qəsəbələrində paralel olaraq səyyar xidmət göstərilir. 

Səyyar satışla yanaşı, ASC-nin rayon bölmələri də mövsümlə əlaqədar olaraq şənbə günləri daxil olmaqla fermerlərin mineral gübrəyə olan tələbatının ödənilməsi üçün fəaliyyət göstərir. Bir çox hallarda satılan gübrələrin evlərə pulsuz çatdırılması təmin edilir. 

Fermerlər yalnız “Fermer kartı” və şəxsiyyət vəsiqəsi təqdim etməklə, güzəştli şərtlərlə mineral gübrə əldə edə bilirlər. Yeni qaydalara əsasən, gübrənin dəyərinin 70 faizi fermerin “Fermer kartı”nda olan subsidiya məbləğindən, 30 faizi isə fermerin şəxsi vəsaiti hesabına, pestisidlər üçün isə tam dəyəri “Fermer kartı”nda olan subsidiya məbləğindən ödənilir.

Ödəniş pos-terminal və səyyar bank terminalları vasitəsilə ilə yerindəcə, uzaq məsafə qət etmədən yerinə yetirilir.

Vətəndaşlar mineral gübrələrin səyyar satış xidmətinin yaşadıqları kənd və qəsəbələrdə təşkil edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə və (+99451) 229-32-07 nömrəsinə müraciət edə bilər.