Norveçin "Equinor" şirkəti xərcləri azaltmaq məqsədilə 2023-cü ilədək kəşfiyyat sahəsində çalışan işçilərin təxminən 30%-ni ixtisar etməyi planlaşdırır.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, COVID-19 pandemiyası səbəbindən bazarda tələbatın azalması fonunda "Equinor" kəşfiyyat xərclərinin son 6-7 illə müqayisədə təxminən 1/3 nisbətində azaldığından Norveç, Braziliya və ABŞ da daxil olmaqla mövcud olan seçilən sahələrə diqqət ayırmağı istədiyini bildirib.

Şirkətin sözçüsü Erik Haland bildirib ki, 2022-ci ilin sonunadək baş verəcək qlobal genişmiqyaslı ixtisarlar kəşfiyyat planlarına dərhal təsiri göstərməyəcək. Onun sözlərinə görə, 2020-ci il üçün dünya miqyasında "Equinor" tərəfindən 30-40 quyunun qazılması gözlənilir və bunun 2020-2021-ci illər üçün planlaşdırılan fəaliyyət planına təsiri yoxdur.

Qeyd edək ki, şirkət builki kəşfiyyat işlərinə xərcləyəcək vəsaitin həcmini 1,4 mlrd. ABŞ dollarından 1,1 mlrd. dollara endirib. 2019-cu ilin sonunda "Equinor"un dünya üzrə 21 min işçisi var idi.

Xatırladaq ki, "Equinor" Azərbaycanda da təmsil olunur. Şirkət SOCAR-la "Qarabağ" yatağının işlənməsi və "Əşrəfi-Dan Ulduzu-Aypara" perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili istiqamətində əməkdaşlıq edir. Bununla yanaşı, şirkətlər "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənilməsi layihəsində də iştirak payına malikdir (7,27%).