İki gündür Bakıda Xəzər regionunda energetika sektorunun nəhəng tədbiri sayılan 26-cı Beynəlxalq Xəzər Neft və Qaz sərgisi başlayıb. Bu il sərgidə dünyanın 34 ölkəsini təmsil edən 290 şirkət iştirak edir. İştirakçılar arasında ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, MDB ölkələri, Türkiyə və digər ölkələr var. İştirakçı şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim edirlər.

Açılışında ölkə prezidentinin də iştirak etdiyi sərgi çərçivəsində dünən eyniadlı ikigünlük konfrans da start götürüb. Konfransa dünyanın 30-dan çox ölkəsini təmsil edən 600-dən artıq nümayəndə qatılıb. Tədbirin ənənəvi iştirakçıları arasında SOCAR, BP, “Equinor”, “Petronas”, “Inpex”, “Dentons”, “Socar AQS”, “Total”, “Nobel Upstream” və digər dünyaca məşhur şirkətlər yer alır.

Konfransda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov dünya neft bazarında gedən proseslərdən danışıb. Bildirib ki, 2014-cü ilin II yarısından bu günə qədər neft bazarında qeyri-sabitlik müşahidə olunur: “OPEC+ formatında bazarda dəyişən vəziyyətə uyğun çevik tənzimləmə tədbirlərinə baxmayaraq qeyri-sabitlik hələ də qalmaqdadır”.

Nazirin sözlərinə görə, neftin 70 ABŞ dolları ətrafında qərarlaşan qiyməti qənaətbəxşdir: “Bununla belə, həm istehsalçılar, həm də istehlakçıların maraqlarına uyğun qiymət sabitliyinin və bu məqsədlə tələb-təklif balansının qorunub saxlanılması ehtiyatlı düşünülmüş addımlar atılmasını zəruri edir”.

Pərviz Şahbazov 

P.Şahbazov bildirib ki, OPEC+ razılaşması çərçivəsində hasilatda gündəlik təxminən 2 milyon barellik azalma, bazardakı artıq təklifi tam kompensasiya edə bilmir: “Buna görə də indi OPEC+ ölkələri qarşısında duran prioritet məsələ kommersiya neft ehtiyatlarını müvafiq səviyyəyə çatdırmaqdır. Bu, qlobal tələbatla bağlı müşahidə olunan risklərdən sığortalanmaq üçün də əhəmiyyətlidir”.

Nazir həmçinin deyib ki, ötən il neftin qlobal istehlakında artım 1,4 faiz olsa da, bu il dünyada neftə gündəlik tələbatın 1,2 milyon barelə qədər azalacağı proqnozlaşdırılır: “Ötən il dünyada enerjiyə tələbat son illərdə ən yüksək səviyyədə olsa da, Avropada enerjiyə tələbat xüsusilə də bərpa olunan enerjidən istifadənin genişlənməsi və enerji səmərəliliyi nəticəsində azalıb. 2050-ci ilə qədər neft-qazın ümumi idxalındakı nisbəti 55 faizdən 20 faizə düşəcək. Hazırda ABŞ və Çin arasındakı ticarət mübahisələri də qlobal iqtisadi inkişafa təsir edir və neftə tələbatı azaldan amil kimi nəzərdən keçirilir. Bütün bunlar isə göstərir ki, bazarda qiymətlərin sabitliyi üçün hasilat vasitəsilə tənzimləmə əsas nailiyyətdir”.

P.Şahbazov həmçinin bildirib ki, 2020-ci ildə Azərbaycanda qaz hasilatının həcminin 40 milyard kubmetrdən çox olacağı planlaşdırılır: “Bir il əvvəl açılışı həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi kimi strateji maraqlara, iqtisadi inkişafa və qlobal əməkdaşlığa yönəlmiş layihədir. 2020-ci ildə Xəzər dənizindən Avropaya yeni mənbədən təbii qazın çatdırılması üzrə işlər yekun, onun genişləndirilməsi istiqamətində işlər isə başlanğıc mərhələdədir. Cənub Qaz Dəhlizi imkan verir ki, Azərbaycan enerji strategiyasını həm də təbii qaz sektorunda inkişaf etdirsin. Cənub Qaz Dəhlizi üzrə görülmüş işlərdə artıq nəticələr əldə edilib”.

Onun sözlərinə görə, TANAP-la indiyə kimi Türkiyəyə 1.8 milyard kubmetr qaz nəql edilib. Nazir deyib ki, “Şahdəniz” yatağından qaz hasilatı 2018-ci illə müqayisədə bu il 6 milyard kubmetr, 2020-ci ildə isə 8,5 milyard kubmetr artacaq:“Beləliklə, 2020-ci ildə ölkədə ümumi qaz hasilatının 40 milyard kubmetri ötəcəyi gözlənilir”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counsun çıxışından aydın olub ki, BP şirkəti gələn il “Şahdəniz” yatağının dərin perspektiv strukturlarında kəşfiyyat qazma işlərinə başlamağı planlaşdırır:“”Şahdəniz" yatağının dərin perspektiv strukturlarını qiymətləndirmək üçün gələn il bir sıra kəşfiyyat işləri planlaşdırırıq. Bu, mövcud işlənilən “Şahdəniz” yatağının altında yerləşən əlverişli qaz perspektiv strukturudur. Orada ehtiyatların potensialı trilyonlarla kubfut həcmindədir. 2020-ci ildə burada qazma işlərinə başlanılması planlaşdırılır".

SOCAR prezidenti Rövnəq Abdullayev isə bildirib ki, Azərbaycanın “Abşeron” və “Qarabağ” yataqlarında ilk məhsulun alınması 2021-2022-ci illərdə gözlənilir. Onun sözlərinə görə, “Equinor” şirkəti ilə birgə layihələndirilən “Qarabağ” yatağının neft və qaz ehtiyatları ilə bağlı gözləntilər böyükdür: “Yaxın zamanda işlənmənin FEED mərhələsinə keçməsi nəzərdə tutulub”.

Konfransın gedişində SOCAR-la Rusiyanın “Tatneft” şirkəti arasında neft-kimya məhsullarının tədarükü barədə saziş imzalanıb.

R.Abdullayevin jurnalistlərin suallarına cavab olaraq verdiyi məlumatdan aydın olub ki, SOCAR Rusiyaya məxsus Antipinsk neft emalı zavoduna maraq göstərir. Onun sözlərinə görə, hazırda zavodun alınması ilə bağlı danışıqlar aparılır, amma hələ ki bu istiqamətdə konkret nəticə yoxdur: “”Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır. Ümumilikdə isə SOCAR dünyanın hər yerində danışıqlar aparır".(musavat.com)