2019-cu ilin ilk rübündə dövlət büdcəsinin mədaxili 5 milyard 439,7 milyon manat, xərcləri isə 5 milyard 35,9 milyon manat olub. İqtisadiyyat.Az xəbər verir ki, Maliyyə Nazirliyinin yaydığı məlumata görə, dövlət büdcəsinin profisiti 403,8 milyon manat təşkil edib. Büdcənin mədaxili 2018-ci ilin müvafiq rübü ilə müqayisədə 876,3 milyon manat və ya 19,2 faiz çoxdur.  Birinci rübdə Dövlət Neft Fondundan dövlət büdcəsinə 2 milyard 615 milyon manat vəsait transfert edilib. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 93,8 milyon manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 43,9 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə və ya 22,3 milyon manat çoxdur.