Sentyabrın 15-dək dövlət fermerlərə yazlıq əkinlərə görə 30 mln manat subsidiya ödəyib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyindən verilən məlumata görə, bu məbləğin 17 mln manatı pambıq, 1 mln manatı isə tütün və çəltik istehsalçılarına çatıb.

Yazlıq əkin bəyanı etmiş fermerlərin 99%-i (50 146 nəfəri) subsidiya alıb. Bu fermerlərin 19 515 nəfəri pambıq istehsalçısıdır. Bu il süni mayalanma ilə cins buzov əldə etdiyinə görə 27 910 fermerə 4 mln 525 min 500 manat məbləğində subsidiya ödənilib. 19 min nəfərə yaxın arıçıya dövlət 4 mln manatdan artıq subsidiya ödəyib və 700 000 manatadək vəsaitin ödənilməsi üçün də monitorinqlər aparılır. Ölkəmizin 30 rayonundan olan 3 382 kümçü istehsal müəssisəsinə 279 884 kiloqram barama təhvil verərək, 1,4 mln manat məbləğində dövlət subsidiyası alıb.

Qeyd edək ki, 2020-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət subsidiyaları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) onlayn platforması üzərindən müraciət və təsdiq əsasında, Fermer Kartlarına köçürməklə verilir. Bugünədək EKTİS-də 519 674 fermer qeydiyyatdan keçib. Payızlıq və çoxillik əkinlər də daxil olmaqla, dövlət fermerlərə yeni qaydalarla 229 mln manat subsidiya ödəyib.