Çin iqtisadiyyata xarici sərmayə qoyuluşuna qoyulan bəzi məhdudiyyətləri aradan qaldıraraq onu artıma sövq etmək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Bildirilir ki, Milli İnkişaf və İslahat Komitəsi (NDRC) və Çin Ticarət Nazirliyinin birgə bəyanatında deyilir ki, xarici investorlar üçün bağlanan sənaye sahələrinin sayı 31-dən 29-a endiriləcək. Sənaye sektoruna qoyulan bütün məhdudiyyətlər aradan qaldırılacaq.

Nəşrin məlumatına görə, Çin hakimiyyət orqanlarının qərarı noyabrın 1-dən qüvvəyə minəcək. Qeyd olunub ki, bununla da çinli investorlar tərəfindən çap nəşrlərinə nəzarət tələbi ləğv ediləcək, həmçinin Çin dərman bitkiləri bazarına xarici investisiya qoyuluşuna qoyulan qadağa aradan qaldırlacaq.

“Xarici investorlar Pekin, Tyantszin, Şanxay, Nankin, Suçjou, Fuçjou, Şençjen, eləcə də Haynan adasında yerli tərəfdaşların iştirakı olmadan tibb müəssisələri aça biləcəklər. Dövlət xəstəxanalarının və ya ənənəvi Çin tibb müəssisələrinin alınması qadağan olaraq qalır. Xarici investisiyalı şirkətlər indi Pekin, Şanxay, Quanqdonq və Haynanda yerləşən pilot azad iqtisadi zonalarda kök hüceyrə və gen diaqnostikası layihələrində iştirak edə biləcəklər. Çin tənzimləyiciləri tərəfindən qeydiyyatdan keçmiş və təsdiqlənmiş bütün tibbi məhsullar ölkə daxilində satıla biləcək”, - nəşrin məlumatında bildirilir.

 

Sadiq Cavadov