Bu rayonumuzda heyvandarlıq məhsullarının istehsal faizləri yüksək dərəcədə artıb

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsullarının istehsalında nəzərəçarpacaq artım qeydə alınıb.
İqtisadiyyat.az-ın məlumatına görə, rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə rayonda iribuynuzlu mal-qaranın sayı 1,6 faiz artaraq 41 min 634 başa, qoyun və keçilərin sayı 0,4 faiz artaraq 104 min 940 başa, quşların sayı 0,6 faiz artaraq 249 min 344 başa, arı ailələri 16,2 dəfə artaraq 6054 başa çatıb. İribuynuzlu mal-qaranın 99 faizi, qoyun və keçilərin 94,5 faizi, arı və quşlar isə tamamilə əhali təsərrüfatlarına məxsusdur.
Ötən il təsərrüfatlarda 4470 ton ət, 35 min 866,6 ton süd, 13 milyon 206 min ədəd yumurta, 194,5 ton yun istehsal edilib. 2017-ci illə müqayisədə ət istehsalı 5,1 faiz, süd istehsalı 3,6 faiz, yumurta istehsalı 52,2 faiz, yun istehsalı 23,8 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında mal-qaranın baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Keçən il 2863 baş inək və düyə süni yolla mayalandırılıb, 1586 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.