Şaftalı bağlarında məhsuldarlığa təsir edəcək əsas amillər hava şəraiti və bağlara edilən aqrotexniki qulluqdur.

Fins.az xəbər verir ki, qarşıdakı günlərdə şaftalı bağlarında növbəti dərmanlamanı və ilkin suvarma prosesini həyata keçirəcək xaçmazlı təsərrüfatçılar bu fikirdədirlər. Xaçmaz rayonunda 3 min hektaradək şaftalı bağı var ki, bunun da böyük hissəsi barverəndir. Hər il rayon bağlarından 20 min tonadək şaftalı toplanır.

Hazırda çiçəkləmə mərhələsində olan şaftalı bağlarında cərgəarası su arxlarının təmizlənməsi işləri həyata keçirilir. Rayonda şaftalı bağları ən çox Nərəcan kəndi ərazisindədir. Burada 800 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir. Nərəcan kəndi ilə yanaşı, Çinartala, Uzunoba, Çiləgir, Alekseyevka kəndlərində də şaftalı bağları üstünlük təşkil edir. Çiləgir kəndindən olan təsərrüfatçı Orxan Yusifov bildirib ki, artıq bağlarda ilkin dərmanlama və gübrələnmə işləri yekunlaşıb.

“Məhsuldarlıq şaftalının çiçəkləmə dövründə hava şəraitinin necə keçməsindən birbaşa asılıdır. Burada keyfiyyətli dərmanlardan istifadə də vacibdir. İyun ayında dəriləcək məhsulun keyfiyyətli olması üçün bağlara bir neçə dəfə dərman səpəcəyik. Bağlarımızda daha məhsuldar və tələbat çox olan şaftalı növlərini artırmışıq. Hər il bol məhsul əldə edirik. Bağlarda şaftalının əsasən “Fədai” və “Zalatoy” növləri becərilir. Meyvəni əsasən yerli və Rusiya bazarlarında satırıq”, - deyə O.Yusifov söyləyib.

Xaçmaz rayonuda iyul ayından başlanılan şaftalı yığımı oktyabradək davam edir.