Problemli kreditlərin həlli üçün ölkə Prezidentinin verdiyi fərman vətəndaşla bank arasındakı münasibətləri demək olar ki, yoluna qoydu. Əhalinin banklara olan inamsızlığı qismən aradan qalxdı. Ən əsası da illərlə yığılıb qalan və 600 min insanı əhatə edən problemli kreditlərə son qoyuldu. Bəs banklar haqqında daha hansı qanunlara və yaxud qanunlardakı dəyişikliklərə ehtiyac var? Maliyyə-bank üzrə iqtisadçı ekspert İlham Əzizov İqtisadiyyat.Az-a məsələ barəsində danışarkən yenilənməyə ehtiyac duyulan bir sıra məsələlər barədə məlumat verib.

“Əvvəla onu deyək ki, banklar haqqında qanuna dəyişikliklər ediləndən sonra da problemlər qalmaqdadır. Gənc dövlət kimi hər il bank sektorunda müxtəlif problemlərlə üzləşirik. Qanunda yerli vəziyyət nəzərə alınmalı və dünya praktikasına uyğunlaşdırılmalıdır.

Hər bir vətəndaşın kredit tarixçəsi var və burada mərkəzləşdirilmiş reyestr adlanan reyestr hazırlanıb. Vətəndaş krediti ödəməyəndə, gecikdirəndə həmin tarixçəyə düşür. Amma banklar haqqında qanunda həmin vətəndaşın bir daha kredit götürməsinə dair məhdudiyyətlər qoyulmur. Bunu banklar təyin edirlər. Məlumdur ki, devalvasiyalardan sonra əhalinin böyük bir hissəsi kreditləri vaxtında verə bilmədilər. Ona görə də bu kredit tarixçəsi məsələsi yenidən işlənməlidir.

Bundan əlavə istehlak kreditləri barəsində problemlər qalmaqdadır. Ümumiyyətlə Azərbaycanda nağdsız hesablaşma məsələsi iqtisadiyyatın ən böyük problemlərindəndir. Məsələn, vətəndaş müəyyən əşya almaq üçün gəlib istehlak krediti götürəndə bank ona nağd şəkildə pul verir, o, da harda gəldi xərcləyir. Düşünürəm ki, bu köçürmə formasında olsa daha uyğun olar”.

İlham Əzizov banklarda yoxlamalar aparan audit təşkilatlarının daha məsuliyyətli olması üçün qanunvericiliyə yenidən baxılmalı olduğunu da bildirib: “Bundan başqa bankların ləğv proseduru məsələsində dəyişiklik edilməlidir. Çünki audit bankları yoxlayıb zərələrini vaxtında demədikləri üçün vətəndaş da ziyan görür. Ancaq əvvəlcədən audit bankların zərər göstəricisini bildirsələr vətəndaşlar da ziyana düşməzlər. Amam banklar ictimai təşkilatdır. Burada əhalinin əmanətləri olduğu üçün və bütün bankların aktivləri 30mlrd-sa, onun öhdəliyi 26 mlrd-a yaxındır. Həmin öhdəliklərin qarşısında cavab verməkdən ötəri audit təşkilatlarının qanunvericilikdə məsuliyyətləri artırılmalıdır. Vaxtında vətəndaşalra və aidiyyatı orqanlara lazımi rəqəmləri verə bilsinlər.

Əmanətlərin faizlərinin tənzimləmə məsələsi də yenilənməlidir. Məsələn, ölkədə əmanətə 10-15% verilirsə, valyutada bu 1-2%-dir. B qədər faiz fərqi iqtisadiyyata ziyandır. Bank sektorunun özündə də problemlər yaradır. Çünki heç kim 1-2%-lə əmanət qoymaq istəməz. Düzdür, bu rəqəm əhalidə olan pulların banklara cəlb olunmasına təkan verir. Ancaq valyutada olan vəsaitləri qaytarmırlar. Bankların fəaliyyəti üçün valyutada olan vəsaitlər də vacibdir”.

Ekspert həmçinin, MBNP-nin əmanətçilərin hüquqların qorunması üçün qanunvericiliyə müddəalar əlavə etməli olduğunu vurğulayıb: “Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət Palatası demək olar ki, bütün nəzarəti öz üzərinə götürüb. Ancaq Palata bankların sağlamlaşdırılması məsələsində əmanətçilərin hüquqlarının daha çox qorunması barədə qanunvericiliyə yeni müddəalar əlavə etməlidir. Ümumilikdə ölkədə bank sistemi inkişafdadır. Ancaq yenə də əmanətçilərin hüquqlarının qorunması üçün qanunlara yenidən baxılmalıdır. Əmanətlərin sığortalanması qanunla daha ciddi qorunmalıdır”.

Mehman Nəbiyev