Artıq bir neçə gündür ki, Bakının bir çox rayonlarında suyun verilməsində məhdudiyyətlər tətbiq edilib. Buna səbəb kimi isə Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza göstərilir. Lakin yay aylarında suya tələbatın birə-beş artdığını nəzərə alsaq, su təchizatında fasilələrin yaranması insanların gündəlik həyatına mənfi təsir göstərir.

Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, əhalinin su təminatı ilə bağlı məsələlər Bakının köhnə problemidir.

Onun sözlərinə görə, Bakı çoxsaylı mənbələrdən su ilə təmin olunur və bu mənbələr ərazi üzrə paylanılır: “Yəni bir mənbədə hansısa texniki işlər görülən zaman, təbii ki, həmin mənbənin su ilə təmin etdiyi ərazi birbaşa olaraq su təminatından məhrum olunur. Təəssüf olsun ki, təmir işləri elektrik şəbəkəsi kimi deyil ki, tez mənbəni dəyişəsən. Kanalizasiya xətləri, su boruları əvvəlcədən planlaşdırılır və o üzrə də paylanılır. Digər sulardan fərqli olaraq su kəmərindən gələn su daha təmizdir və o qısa bir yoxlamadan keçirilərək birbaşa evlərə verilir. Ona görə də bu problem əmələ gəlir”.

Ekspert hesab edir ki, alternativ su mənbələrindən istifadə üzrə Dövlət Proqramı vasitəsilə qismən də olsa bu problemin həllinə müəyyən bir müddət ərzində nail olunacaq: “Çünki alternativ su mənbələrindən istifadə, əsasən, Xəzər dənizinin suyunun duzsuzlaşdırılmasını nəzərdə tutur ki, bu da Abşeron yarımadasının şərq hissəsində yerləşən kənd və qəsəbələrin, o cümlədən şəhərlərin su ilə təminatına töhfə verəcək. Eyni zamanda Bakı və Abşeron yarımadasının kənardan gələn sulardan asılılığını qismən də olsa azaldacaq”.

 

Sadiq Cavadov