Bir müddətdir kirayə mənzil bazarında canlanma müşahidə olunur. Bu fonda vətəndaşlar kirayə mənzillərin qiymətində bahalaşmanın müşahidə olunduğunu bildirirlər. Mütəxəssislər və evini kirayə verənlər isə qiymətlərin stabilliyini vurğulayırlar. Maraqlıdır ki, hazırda kirayə əmlak bazarında vəziyyət necədir? Qarşıdakı dövrdə bahalaşma gözlənilirmi?

Əmlak eksperti Elnur Fərzəliyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, artıq uzun illərdir qiymətlərdə artım müşahidə olunur.

Onun sözlərinə görə, bu artım daha çox 2023-cü ildə baş verib: "Həmin il daşınmaz əmlak bazarında təxminən 15-20 faizlik qiymət artımı müşahidə olunmuşdu. Ona görə də ötən ildən əmlak bazarında durğunluq yaşanır. Bu il üçün isə 87,7 milyon manatlıq ipoteka kreditləri veriləcək. Bu addım əmlak bazarında alıcılıq qabiliyyətini artırmaqla yanaşı, növbəti qiymət artımını qaçılmaz edəcək. Ona görə də yaxın 5-10 il ərzində Bakıya yaxın ərazilərdə indiki qiymətlərə uyğun olan ucuz kirayə mənzillər tapmaq əlçatan olmayacaq. Ucuz mənzili daha çox kənar ərazilərdə, 9 mərtəbəli yaşayış binalarından tapmaq mümkün ola biləcək".

Bakıda ucuz mənzil tapmaq mümkün olmayacaq

Ekspert həmçinin bildirib ki, Bakı şəhərinin yeni Baş Planına əsasən, paytaxt ərazisində sökülməli olan çox sayda fərdi yaşayış evləri və çoxmənzilli köhnə yaşayış binaları var. O deyir ki, bu evlər və binalar mərhələli şəkildə sökülərək yeni tikili binalarla əvəzlənəcək. E.Fərzəliyevin sözlərinə görə, söküntü işlərinin davam etməsi kirayə və satış əmlak bazarlarında qiymətlərə təsirsiz ötüşmür:

"2016-cı ildən başlayaraq paytaxt Bakıda istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları, fərdi həyət evlərindən ibarət olan yaşayış massivləri sökülərək yeni tikilən binalarla əvəzlənir. Hər hansısa çoxmənzilli yaşayış binası və ya fərdi yaşayış massivi söküləndə sakinlər yeni tikilən mənzil təhvil verilənə qədər kirayə çıxmağa məcbur olurlar. Həmin vətəndaşların kirayəyə çıxması ilə yanaşı, söküntü işi aparılan binalardakı kirayə mənzillər də əmlak bazarından çıxmış olur. Yeni bina hazır olandan sonra kirayə çıxarılan mənzil isə köhnə binadakı kirayə qiymətindən iki dəfə baha təklif olunur". 

Kirayə mənzillərin minimum qiyməti 300 manatdan başlayır

Əmlak eksperti Ramil Qasımzadə isə İqtisadiyyat.az-a açıqlamasında hazırda əmlak bazarında vəziyyətin stabil olaraq qaldığını vurğulayıb.

Onun sözlərinə görə, hər 5 ildən bir ölkəmizdə qiymət artımından sonra stabillik yaşanır: "2023-cü ildə əmlak bazarında təxminən 30 faizə qədər artım baş vermişdi. Bu il isə qiymətlərdə bahalaşma yoxdur. Lakin kirayə evlərə tələbat həmişəki kimi yenə də yüksəkdir. Sentyabr-oktyabr aylarında olan süni şəkildə artırılmış qiymətlər öz yerini tapıb və kirayə evlərin qiyməti stabilləşib. Bu gün birotaqlı kirayə ev 300 manatdan, ikiotaqlı ev 400 manatdan, üçotaqlı evlər 500 manatdan başlayır. Yeni tikililərdə isə bu qiymət kvadratmetrə əsasən hesablanır. Belə ki, kvadratmetrə əsasən təxminən 7-12 manatlıq dəyişiklik müşahidə olunur". 

Bahalaşmanın səbəbi əhalinin böyük hissəsinin paytaxtda cəmləşməsidir

Əmlak bazarında qiymət artımına təsir edən amillərlə bağlı iqtisadçı Xalid Kazımlı isə İqtisadiyyat.az-a açıqlamasında söyləyib ki, bahalaşmanın başlıca səbəbi Bakıda yaşamaq istəyənlərin sayının çoxluğu ilə bağlıdır. 

O vurğulayıb ki, bu gün ölkə əhalisinin böyük hissəsi paytaxt Bakıda cəmləşib: "Çünki universitetlər, dövlət iş yerləri və eyni zamanda özəl sahəyə aid bir çox iş yerləri Bakıda yerləşir. Bundan başqa, yeni binaların tikintisi fonunda köhnə binada yaşamış sakinlər əlavə tələbat yaradırlar. Hazırda tikinti prosesi ilə bağlı şəffaflıq artırılıb, mərkəz ərazilərdə tikinti işi aparmaq üçün müəyyən şərtlər tələb olunur. Bu baxımdan təklifin həcmi qiymətlərə təsirsiz ötüşmür. Yeni mənzillər bahalaşır. Əvvəllər evin 1 kvadratmetri 1400-1500 manat idisə, hazırda 1900-2000 manat civarındadır. Bu cür bahalaşma kirayə evlərin qiymətinə də təsir edir".

Gülşən Şərif