Lisenziyası ləğv edilən “Naxçıvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) kreditorlarına müraciət ünvanlayıb.

İqtisadiyyat.az xəbər verir ki, “Naxçıvan Sığorta” rəsmən ləğv olunduğunu elan edib.

Cəmiyyət kreditorlarına müraciət edərək iki ay ərzində tələblərini Naxçıvan şəhərində Heydər Əliyev prospekti, 4 ünvanına bildirmələrini xahiş edib.

Şirkətin portfeli isə artıq "Atəşgah Sığorta" şirkətinə ötürülüb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu ayın 8-də könüllü müraciət əsasında “Naxçıvan Sığorta”nın lisenziyasını ləğv edib. “Sığorta fəaliyyəti haqqında” Qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 13 may 2022-ci il tarixli, SF-0004 nömrəli lisenziya ləğv edilib.

“Naxçıvan Sığorta” ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdədir.

Xatırladaq ki, “Naxçıvan Sığorta” 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Cəmiyyətin nizamnamə kapitalı 7 000 070 manat olub.