2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda 8 mlrd. 197,3 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 4,4% çoxdur. Bu barədə fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə ölkədə 7 mlrd. 917,7 mln. kVt/saat (artım 4,7%) əmtəəlik elektrik enerjisi istehsal olunub.Yanvar-aprel aylarında “Azərenerji” ASC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı - İF) istilik elektrik stansiyaları 7 mlrd. 435,2 mln. kVt/saat (artım 5,9%), su elektrik stansiyaları 434,5 mln. kVt/saat (azalma 16,4%) əmtəəlik elektrik enerjisi istehsal edib.

Bundan başqa, qeyd olunan dövrdə respublikada əmtəəlik külək enerjisinin istehsal həcmi 40,5 mln. kVt/saat (artım 7,5 dəfə), günəş enerjisinin istehsal həcmi 7,5 mln. kVt/saat (azalma 33,6%) təşkil edib.

Elektrik enerjisi istehsalının ümumi və əmtəəlik göstəriciləri arasında fərq onunla izah olunur ki, “Azərenerji” ASC istehsal olunan elektrik enerjisinin bir hissəsini öz tələbatının təmin olunmasına sərf edir.

Energetika Nazirliyinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 25 mlrd. 256,1 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin göstəricisindən 13,7% çoxdur