İşğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatının bərpası və inkişafı qarşıda duran əsas vəzifələrdən biridir. Hazırda Qarabağa Böyük Qayıdış prosesinin davam etməsi fonunda doğma yurdlarına köçürülən vətəndaşlara pay torpaqlarının verilib-verilməyəcəyi maraq doğurur. Maraqlıdır ki, işğaldan azad olunmuş ərazilərdə əkinçiliyin inkişafı üçün vətəndaşlara pay torpaqları verilə bilərmi?

Kənd təsərrüfatı eksperti Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə torpaq islahatları aparılacaq və vətəndaşlara pay torpaqlar veriləcək.

Ekspertin sözlərinə görə, Azərbaycanda torpaq islahatı gedərkən kənd təsərrüfatı ilə məşğul olan əhaliyə kolxoz və sovxozların torpaqları paylanılıb. Yalnız işğal edilmiş ərazilərdə və o vaxtı Füzulinin işğaldan azad edilmiş bir sıra kəndlərində torpaq islahatları aparılmayıb. Bu baxımdan məcburi köçkünlərin pay torpaq almaq hüququ var:

"İşğaldan azad olunmuş ərazilərdə torpaq islahatlarının həyata keçirilməsi üçün xüsusi islahat komissiyası yaradılmalıdır. Azərbaycan hökumətinin qərarına əsasən, bu komissiya qanuna uyğun olaraq, əhaliyə pay torpağı verməlidir. Hazırda Qarabağda yerləşən soxvoz və kolxozlar ermənilər tərəfindən dağıdılsa da, xüsusən də kolxoz və sovxoz üzvlərinə pay torpaqlarının verilməsi məqsədəuyğundur".

Deputat Azər Badamov isə İqtisadiyyat.az-a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Qarabağ və Şərqi Zəngəzura qaydacaq keçmiş məcburi köçkünlərin əkin-biçin işlərinin görülməsi ilə bağlı yaradılacaq şəraitlə bağlı məsələyə geniş toxunub:

"Ölkə başçısı qeyd edib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə yeni su anbarları və  beton kanallar tikilir, müasir yollar ərsəyə gətirilir. Təbii ki, bu yeni infrastruktur öz yurdlarına qayıdacaq keçmiş məcburi köçkünlərin işləyib yaşaması üçün yaradılan şəraitlərdir. Öz ata yurdlarına qayıdacaq keçmiş məcburi köçkünlər treninqlərə, kurslara cəlb olunaraq onlara yeni ixtisaslar verilir və işlə təminatı qabaqcadan həll olunur. Torpaq islahatı isə bu günün yox, gələcəyin işidir. İlk növbədə, islahata gedəcək torpaqlar minalardan təmizlənməli və təhlükəsizlik təmin olunmalıdır. Bundan başqa, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına qayıdacaq keçmiş məcburi köçkünlərin qaytarılması prosesi başa çatmalıdır. Bu proses başa çatandan sonra, yəni, o ərazilərdə yenidən məskunlaşmış əhalinin sayı müəyyənləşəndən sonra pay torpaqların kimlərə və hansı həcmdə verilməsi məsələsinin gündəmə gələcəyini hesab edirəm".

A.Badamov bildirib ki, sözügedən ərazilərə qayıdacaq insanların sayı hələ dəqiq məlum olmadığına görə pay torpaqların verilməsi ilə bağlı normaları öncədən müəyyənləşdirmək ədalətsizlik ola bilər: "Hətta indidən pay torpaqların verilməsi başlanarasa, Qarabağa qayıdacaq insanların hamısını razı salmaq mümkün olmayacaq. Ona görə də pay torpaqların verilməsi üçün Böyük Qayıdışın başa çatmasını gözləmək daha doğru yanaşma ola bilər".

 

Gülşən Şərif