Avstraliya Rəqabət və İstehlak Komissiyasının hesabatına əsasən, dünyanın ən böyük LNG (mayeləşdirilmiş təbii qaz) ixracatçılarından biri olan Avstraliya iki ildən sonra qaz çatışmazlığı ilə üzləşə bilər.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ölkə əhalisinin sıx məskunlaşdığı şərq sahillərinin 2027-ci ildə qaz çatışmazlığı ilə üzləşəcəyi gözlənilir. Hazırda ölkənin şimalındakı dəniz yataqlarından hasil edilən xammaldan, eləcə də Kvinslenddəki layihələrdən istehsal olunan LNG əsasən Yaponiya, Çin, Cənubi Koreya və Tayvana tədarük edilir.

"Qaz bazarında çatışmazlıqların qarşısını almaq üçün uzunmüddətli həllər bir sıra siyasət və bazar tədbirləri tələb edəcək, o cümlədən qaz hasilatı və təchizatı üçün yeni mənbələrin yaradılmasına təcili ehtiyac var", - deyə məlumatda qeyd olunur.

Avstraliya son illərdə bu sahədə ABŞ və Qətərdən geri qalmasına baxmayaraq, dünyanın ən böyük LNG (mayeləşdirilmiş təbii qaz) təchizatçılarından biri olaraq qalır.

 

Sadiq Cavadov