Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada növbəti 50-ci yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.

Yeni məntəqə xarici turistlərin və yerli sakinlərin daha çox səfər etdiyi, ölkənin əsas turizm mərkəzlərindən biri olan Sibiu regionunda açılıb. Sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən sayca 3-cü YDM-dir.

“Bu ilin sonunadək Rumıniyada SOCAR yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırmağı planlaşdırırıq. Bildiyiniz kimi, cari ildə bütün dünya koronavirus pandemiyasından əziyyət çəkir. COVID-19 virusu dünya və o cümlədən Rumıniya iqtisadiyyatına təsirsiz ötüşməyib. Amma buna baxmayaraq SOCAR Rumıniyada cari ilin ilk 6 ayını mənfəətlə başa vurub, 2020-ci il üçün qarşıya qoyulan strateji inkişaf planını da 100 faiz həyata keçirib” - deyə SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bildirib.

Hazırda SOCAR Rumıniyanın 24 regionunda “SOCAR” brendli məntəqəyə malikdir.