Avropa Komissiyası Fransa tərəfindən “Air France” aviaşirkətinə maliyyə yardımı edilməsinə icazə verib.

“Prime” xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının saytında yerləşdirilib.

Bildirilir ki, “Air France” koronavirus pandemiyasına görə maliyyə problemləri ilə üzləşib və Fransa aviaşirkətə yardım etmək üçün onun yenidən kapitallaşdırılmasına 4 milyard avro yönəltməyi planlaşdırır.

Avropa Komissiyası artıq Fransanın bu planına razılıq verib.

“Air France” aviaşirkətinin sahibi “Air France-KLM” holdinqidir. Fransa hökuməti holdinqdə 14 % pay sahibidir.

Dövlət yardımı iki hissədən ibarət olacaq. Birinci hissə 3 milyard avro həcmində dövlət kreditin ayrılmasını nəzərdə tutur. Avropa Komissiyası tərəfindən 2020-ci ilin mayında təsdiqlənmiş və Fransa tərəfindən artıq şirkət üçün ayrılmış bu kreditin hibrid kapitala çevriləcəyi bildirilir. Dövlət yardımının ikinci hissəsi çərçivəsində isə Fransa şirkətin 1 milyard avro dəyərində olan səhmlərinin əlavə emissiyasını planlaşdırılır.

Avropa Komissiyasının məlumatına görə, yeni səhmlər yalnız mövcud səhmdarlar arasında deyil, həmçinin bazarda yerləşdiriləcək.

“Fransa “Air France”ın kapitalının möhkəmləndirilməsi üçün 4 milyard avroya qədər ödəniş edəcək və ona koronavirusun yayılması nəticəsində yaranmış maliyyə çətinliklərindən çıxmağa kömək edəcək”, - Avropa Komissiyasının icraçı vitse-prezidenti Marqret Vestager bildirib.

Ötən ilin yayında “Air France-KLM” şirkətlər qrupu koronavirus pandemiyasının yaratdığı böhranın fonunda 2022-ci ilin sonuna qədər 7 500 iş yerini ixtisar edəcəklərini bəyan edib.