Milli Məclisin iclasında çıxış edən deputat Araz Əlizadə bəzi məsələlərin İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatoru Vilayət Eyvazovun illik məlumatında əksini tapmadığını dedi.

O, bir sıra faktlardan bəhs etdi: “Biz çalışırıq ki, turizmi inkişf etdirməklə öz mədəniyyətimizi təbliğ edək. Amma baxıram ki, yavaş-yavaş Azərbaycanda seks turizmi inkişaf etməyə başlayır. Nədir, biz Tailandla, digər ölkələrlə rəqabətə giririk? Onsuz da bunu bacarmayacağıq".

A.Əlizadə qeyd etdi ki, hostellərlə bağlı məsələyə yenidən baxılmalıdır: “Rusiyada çoxmərtəbəli binalarda hostellərin yaradılmasına icazə vermişdilər. Ancaq gördülər ki, bu, mümkün deyil. Ona görə də Rusiya Dövlət Duması qərar verdi ki, hostellər yalnız birinci mərtəbədə yaradıla bilər, bir şərtlə, oraya başqa tərəfdən giriş-çıxış olsun. Məncə, biz də bu təcrübədən istifadə etməliyik”.

Deputat Tahir Kərimli isə yaşadığı ünvanda üzləşdiyi biabırçılıqdan bəhjs etdi. “Hamı sözünü deputata deyir, mən sözümü kimə deyim, bilmirəm?”- deyən T.Kərimli qeyd etdi ki, Zərifə Əliyeva küçəsindəki mənzilinin bir hissəsinin hostelə çevrilməsi bütün qonşuların rahatlığını pozub: “Mənim yaşadıım ərazdə binanı hostelə, mehmanxanaya çeviriblər. Bir balaca abır-həyamız var... İndi biz hamımız ordan köçüb getmək istəyirik. Mərkəzi küçə olduğuna görə belə yuvalar düzəldirlər, onlar insan alveri yuvalarıdır. Bu ərazidən vaxtaşırı hörmətli qonaqlar, həmçinin prezident keçir”.

Deputat milli koordinatordan bu ünvandakı qanunsuz hərəkətləri nəzarətə götürməyi xahiş etdi.(musavat.com)