Noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini - 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub.

Bu barədə İqtisadiyyat.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd edilib ki, xəsarətlə xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada ölüb.

Araşdırma aparılır.

Qeyd edək ki, A.Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

***

11.50

İstanbul Mərmərə Universtitetinin müəllimi, türkoloq alim Arif Acaloğlu faciəli şəkildə vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, alim Azərbaycan Milli Elmlər Akademiyasının dəvəti ilə Türkiyədən Azərbaycana gələn zaman Bakıda yol qəzasına düşərək ölüb.

Qeyd edək ki, azərbaycanlı A.Acaloğlu 1956-cı ildə Gürcüstanda anadan olub. Orta məktəbi doğma şəhərində başa vurduqdan sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb.

O, 1983-1986-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub. O, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarından Türkiyəyə köçüb.