“EcoHub” ekoloji platforması İctimai Birliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə keçirilən “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji askiya başa çatıb.

İqtisadiyyat.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərini təbliğ etmək məqsədilə baş tutan son aksiyada müxtəlif dövlət və özəl qurumların əməkdaşları könüllü şəkildə iştirak edib.

Sentyabrın 1-dən etibarən Xəzərin Xaçmaz, Lənkaran, Astara, Şabran, Siyəzən, Neftçala, Sumqayıt çimərliklərini əhatə edən və sentyabrın 18-də Bilgəh çimərliyində yekunlaşan aksiyada 1 500-dən çox könüllü 11 hektar ərazini 5 ton tullantıdan təmizləyib.

“Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya 1986-cı ildə təsis edilən “Beynəlxalq Sahilyanı Təmizlik Günü” çərçivəsində təşkil edilib. Dünyada su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən böyük beynəlxalq könüllü hərəkatında ölkəmiz 13 ildir “Xəzəri qoruyaq!” şüarı ilə iştirak edir.