Naxçıvanda yüz il əvvəl inşa edilmiş tarix-etnoqrafik abidə olan "Böyük bağ" abadlaşdırılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Naxçıvan Şəhər İcra Hakimiyyəti "Böyük bağ"ın abadlaşdırma işlərinin layihələndirilməsinə başlayıb.

Layihəyə uyğun olaraq, bağda topoqrafik və mühəndis-geoloji işlər aparılacaq. Konsepsiya layihələri hazırlanacaq və abadlaşdırma işləri həyata keçiriləcək.

Qeyd edək ki, "Böyük bağ" Naxçıvanda sakinlərin ən böyük istirahət məkanlarından biridir. Bağ 1914-cü ildə şəhər xeyriyyəçilərinin vəsaiti ilə (xüsusilə Şahbazağa Kəngərli, Kərbəlayi Musa, Miriş Ağanın təşəbbüsü ilə) “Padşahlıq bağı” adı ilə salınıb. 1951-ci ildə bağda yanğın baş verib və buradakı teatr binası yanıb. Sonradan teatr binası köçürülüb. Bağ isə 1980-ci ildə yenidən bərpa olunaraq istifadəyə verilib.