Mayın 16-da Biləsuvar şəhər 4 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə  “Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda tədbir keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Dadaşov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon təhsil sektorunun əməkdaşı Əlisafa Qənbərov  eləcə də orta məktəbin rəhbərliyi, müəllim və şagird heyətinin iştirak  etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışılıb. 

Bildirilib ki, ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynayıb, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olub.

Eyni zamanda vurğulanıb ki, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi.

Sonda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında hazırlanmış “Heydər Əliyev - dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub.