Çox yaxın tarixdə, 3 il əvvəl Qara dənizin Türkiyə hissəsində qaz yatağı aşkar edildi və onun həcmi 540 milyard kubmetr qiymətləndirilir. “Sakarya” adlandırılan yataq ölkənin ən böyük qaz yatağı sayılır. Ümumilikdə isə verilən məlumatlara əsasən, Qara dənizdə ümumi qaz ehtiyatlarının həcmi 710 milyard kubmetrə çatır. Bunu Türkiyənin qazla bağlı asıllığının aradan qaldırılması hesab etmək olarmı?

Türkiyə həm qaz çıxarmaqla, həm də almaqla 100 milyard kubmetrə yaxın qaza sahib olacaq. Həm əhali, həm də qeyri-əhali qruplarının qaz istehlakı ölkədə təxminən 60 milyarddır. Yəni, Türkiyə yerdə qalan 40 milyard kubmetr qazı sata bilər. Bu Türkiyənin qaz alan ölkədən, qaz satan ölkəyə çevrilməsi demək olacaq.

Avropa üçün Türkiyənin önəmi artır.

Avropa İtifaqı Rusiya boru kəməri qazının 80%-ni əvəz etməyə müvəffəq olub. Ukrayna-Rusiya müharibəsi enerji məsələlərində baxışları dəyişib. Avropa üçün qaz almaq məsələsi əvvəllər problem sayılsa da, sonradan digər ölkələrlə qaz təminatı ilə bağlı irəliləyiş əldə edildi. Məsələn, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması Türkiyə üçün də keçərli olacaq. Həm də, enerji təhlükəsizliyində Azərbaycanın təcrübəsi nümunədir. Uğurlu model strateji müttəfiq olan Türkiyəyə də güman var ki, tövsiyə edilib.

Daha bir məqam odur ki, Almaniya işləyən son üç atom elektrik stansiyalarının fəaliyyətini dayandırdı. Ölkə  60 ildən artıq müddətdən sonra ilk dəfə bu addımı atdı. Bununla da ölkənin əlavə enerjiyə ehtiyacı yaranır. Bu hələ Avropanın 1 ölkəsidir. Almaniya kimi nəhəng dövlət və Avropanın digər ölkələrinin enerji təminatı ilə bağlı məsələlərin aktual olduğu bir vaxtda əlavə qaz mənbəyi Türkiyədir. Ona görədir ki, Türk Petrölleri AO-nun rəhbəri Melih han Bilgin deyib ki, Mövcud bazar şərtlərində, biz müştərilər tapmaqda çətinlik çəkməyəcəyik.

Xatırlatma üçün deyək ki, “Sakarya” yatağında hasil ediləcək qaz layihəsinin birinci mərhələsinə 1,8 milyard dollar xərclənib. Qara dəniz qaz emalı zavodunun tam gücü ilə işlədiyi zaman hasilatın gündəlik olaraq 40 milyon kubmetrə çatacağı gözlənilir. 

“Sakarya” strukturu üzrə kəşfiyyat işləri 2017-ci ildə başlayıb. 21 avqust 2020-ci ildə “Fatih” gəmisindən aparılan qazma əməliyyatları nəticəsində sahildən 155 km məsafədə qaz yatağı hasilata açılıb.

13 iyun 2022-ci ildə yataqdan sahilə doğru sualtı kəmərin tikintisi başlayıb və həmin ilin sonunda tam istifadəyə verilib. Hasilatın ilk ilində 3,5-4 milyard kubmetr qazın alınması planlaşdırılır, sonradan hasilatın mərhələli şəkildə artırılması ilə illik hasilatın 14,5-15 mlrd kubmetrədək çatdırılması hədəfdədir.

Samir Cabbarov