"Son qlobal təlatümlər ümumi ticarətdə dolların hökmranlığına təsir göstərə bilməyib. O, hələ də qlobal ticarətin maliyyələşdirilməsinin təxminən 80 faizini təşkil edir və dünya valyuta ehtiyatlarında dolların payı demək olar ki, 60 faiz təşkil edir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) direktorunun birinci müavini Gita Qopinat Stenford Universitetində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, geosiyasi problemlər dünyanın ikiyə deyil, üç iqtisadi bloka bölünməsinə səbəb olub:

"Dünya iqtisadiyyatı 3 bloka bölünüb – ABŞ, Çin və Meksika ilə Vyetnama. Dünyanın ən böyük iqtisadiyyatları arasında rəqabətin ticarətə təsir etməsinə görə məsuliyyət daşıyan üçüncü blokdur. Pekin və Vaşinqton arasında əlaqələrin korlanması bəzi ticarət və investisiyaların digər ölkələr vasitəsilə keçməsi ilə kompensasiya edilir. Son altı ildə Çinin Amerika idxalındakı payı səkkiz faiz bəndi, ABŞ-nin Çinin idxalındakı payı isə dörd faiz bəndi azalıb.

Ukraynada hərbi münaqişənin başlamasından sonra Rusiya ilə Qərb ölkələri arasında birbaşa ticarət iflasa uğrayıb. Fondun hesablamalarına görə, ötən il mallar, xidmətlər və investisiyalar üzrə mövcud ticarət məhdudiyyətlərinin ümumi sayı artıq üç mini keçib".

 

Gözəl Həşimova