Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.

Tərtər rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov Fins.az-a bildirib ki, bu ilin iyulun 1-i vəziyyətinə görə rayonda 29 min 769 baş qaramal, 52 min 465 baş qoyun və keçi olub. İribuynuzlu heyvanların sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 4 faiz və ya 1153 baş artıb. 2020-ci ilin yanvar-iyun ayları ərzində rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 1938 ton ət, 13 min 971,3 ton süd, 7620 min ədəd yumurta, 101,7 ton yun istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 0,3 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 0,5 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Aqrolizinq yolu ilə rayona gətirilmiş cins malların sayı 710 başdır. Bundan başqa, rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması da uğurla davam etdirilir. 2020-ci ilin yanvar-iyun aylarında rayonda 711 baş inək və düyə süni yolla mayalandırılıb, 654 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərdən olan buğaların toxumlarından istifadə edilir.