İyun ayının daxil olmasına baxmayaraq, marketlərdə və bazarlarda tərəvəzlərin qiymətində ciddi azalmalar gözə dəymir. Son bir ayda piştaxtalarda təklif olunan pomidor, xiyar və digər tərəvəzlərin qiymətində yalnız cüzi endirimlər müşahidə olunur. Mütəxəssislər deyir ki, mövsümi tərəvəz məhsullarının ucuzlaşmaması bolluğun olmadığının göstəricisidir. 

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, əvvəlki dövrlərdə iyun ayında xiyarın qiyməti 20-30 qəpiyə qədər enib. Lakin hazırda bu qədər ucuzlaşma müşahidə olunmur. 

Ekspert tərəvəz məhsullarının ucuzlaşmamasının səbəblərindən də danışıb. Onun sözlərinə görə, bu il qış normal, yəni şaxtalı və qarlı keçdiyinə görə kənd təsərrüfatı məhsullarının bol olacağı gözlənilib. Lakin yaz aylarında havanın qeyri-sabit keçməsi məhsulların yetişməsini gecikdirib.

A.Nəsirli həmçinin söyləyib ki, bu il kənd təsərrüfatı məhsullarının yetişməsində gecikmə ola bilər, amma bu, bolluğa təsir göstərməyəcək:

“Ona görə də kənd təsərrüfatı məhsullarının intensiv bazara çıxarılması dövrü təxminən 3-4 həftə gecikəcək. Əvvəl iyun ayında xiyarın qiyməti 20-30 qəpiyə qədər enirdi. Yəni açıq sahədə əkilən tağlar tam gücü ilə bar verirdi. İndi isə hələlik yalnız brokerlərin hesabına bazarın tələbatı ödənilir. Açıq sahələrdə pomidor, xiyar və lobya, badımcanın heç biri hələ bar verməyə başlamayıb. Yəqin ki, bir həftəyə xiyar bar verəcək”.

Sadiq Cavadov