Azərbaycanda meyvə bağlarının məhsuldarlığı azalıb və mövsümi meyvələrin qiyməti isə artıb.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov İqtisadiyyat.az-a açıqlamasında keçən ilə nisbətən mövsümi meyvələrdə qıtlıq müşahidə olunduğunu deyib.

Onun sözlərinə görə, keçən illə müqayisədə mövsümi meyvələrin qiymətində 20-25%, hətta bəzilərində daha çox artım müşahidə olunur. Ekspert qiymətlərin artması ilə paralel olaraq, ucuz məhsulların keyfiyyətinin isə aşağı düşdüyünü söyləyib:

“Məsələn, apardığımız müşahidələr göstərir ki, keyfiyyətli gilasın qiyməti 10 manatdan yüksəkdir. Nisbətən aşağı qiymətə təklif olunanların isə keyfiyyəti, təəssüflər olsun ki, ürəkaçan deyil. Ümumilikdə, gilasın qiyməti keçən ilə nisbətən təxminən 25% yüksəkdir. Bu ilin mayında hava şəraitinin qeyri-sabit, məhsuldarlıq üçün əlverişsiz keçməsi meyvələrin normal yetişməsinə imkan vermədi və nəticədə biz mövsümi meyvələrin qıtlığı ilə yanaşı onların qiymətinin yüksək, keyfiyyətinin isə aşağı olduğunu müşahidə edirik. Bu, həm də əriyə aiddir. Yəni bu meyvənin də qiyməti keçən ilə nisbətən yüksək, keyfiyyət isə aşağıdır. Alçanın qiyməti də, təəssüflər olsun ki, düşməyib. Keçən ilin bu vaxtı alçanı 2,5-3 manata alırdıq, indi isə 5 manatdan yüksəkdir”.

Ekspert həmçinin çiyələyin də qiymətindən danışıb. O bildirib ki, bu məhsulun da qiymətinin yüksək olduğu müşahidə edilir: “Düzdür, çiyələk meyvə hesab edilməsə də, biz bu məhsulun da qiymətinin yüksək olduğunu müşahidə edirik. Bu mövsüm yağışların davamlı olaraq yağması çiyələyin də qiymət və keyfiyyətinə təsirsiz ötüşmədi. Belə ki, keçən il 2,5 manata aldığımız çiyələk bu il istehlakçılara 4,5 manata təklif olunur. Göründüyü kimi, qiymətlər, demək olar ki, iki dəfəyə yaxın yüksəkdir”.

Sadiq Cavadov