Şuşa şəhərinin ərazisində reklam fəaliyyətinin qaydaları açıqlanıb.

Bu, “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilir ki, Şuşa şəhərinin ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş abidələrin üzərində və onların mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağandır.

Eyni zamanda Şuşa şəhərinin ərazisində Şuşa şəhərinin mədəniyyət paytaxtı kimi təşviqinə dəstək olan reklamların yerləşdirilməsinə üstünlük veriləcək.

Şuşa şəhərinin ərazisində şəhərin tarixi-mədəni irsinə, mədəniyyətinə və şöhrətinə xələl gətirə bilən reklam yerləşdirilməsi qadağandır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi “Reklam haqqında” qanuna uyğun olaraq Şuşa şəhərinin ərazisində açıq məkanda reklam fəaliyyətinə nəzarəti həyata keçirəcək, o cümlədən reklam yerləşdirilməsinə icazə verəcək, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklər edilməsinə, istismarına icazə verəcək, tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi ilə əlaqədar müvafiq tədbirlər görəcək, habelə şəhərin mühafizə zonasında reklam yerləşdirilməsinə razılıq verəcək.

Şuşa şəhərinin ərazisində reklam fəaliyyəti ilə bağlı bu qanunda tənzimlənən məsələlər Şəhərsalma və Tikinti Məcəlləsi və “Reklam haqqında” qanunla tənzimlənəcək.

Qeyd edək ki, layihə mayın 24-də parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunacaq.