SOCAR Methanol" MMC 2020-ci ilin yanvar-may aylarında 203,2 min ton metanol istehsal edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Cari ilin yanvar-may aylarında "SOCAR Methanol" 203,2 min ton metanol istehsal edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 45,7% çoxdur. İyunun 1-nə müəssisənin anbarında 34,3 min ton hazır məhsul olub”, - deyə məlumatda bildirilir.

2019-cu ildə Metanol zavodunda 383 min ton metanol istehsal edilib.

Şirkət 2020-ci ildə metanol istehsalını təxminən 480 min ton həcmində proqnozlaşdırır.

Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu “AzMeCo” şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.

SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-yə verilmiş müəssisəni sonuncudan 810 milyon manata alıb.