Çin Rusiya ilə Ukrayna arasındakı müharibədə məğlub tərəfin yanında olmaq istəmir. Belə bir başlıqla The Washington Post nəşrində çap olunmuş məqalə maraq doğurub. Məqalədə qeyd olunur ki, əslində ABŞ Ukraynanı silah-sursatla necə təmin edirsə, Pekin də Rusiya üçün həmin rolu oynaya bilər. Amma Çin lideri Si Tsinpin məğlub olan tərəfdə dayanmaq istəmir, ona görə də Qərblə Rusiya arasında balansı saxlamaqda davam edir. 

“Financial Times” isə Çin rəsmiləri ilə söhbətlərə əsaslanaraq yazır ki, Çin indi Rusiyanın Ukraynanı məğlub edə bilməyəcəyi və münaqişədən “dünya səhnəsində iqtisadi və diplomatik cəhətdən xeyli zəifləmiş kiçik bir güc” kimi çıxa biləcəyi ehtimalından xəbərdardır. Başqa sözlə, məğlub olan Rusiya dünyada onsuz da az dostu olan Çin üçün o qədər də faydalı müttəfiq sayılmaz. Bundan başqa dünyanın ən böyük ticarət dövləti olan Çin Rusiya qədər təcrid olunmağa tab gətirə bilməz. Bu həm də onu deməyə əsas verir ki, rəsmi Pekin bu müharibədə Rusiyanın məğlubiyyətini real ehtimal kimi qiymətləndirir.