Qlobal temperatur artımının 2050-ci ilə qədər davam edəcəyi təqdirdə dünyada istiliklə bağlı ölüm halları 4,7 dəfə arta bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı və Ümumdünya Meteorologiya Təşkilatı da daxil olmaqla, müxtəlif bölgələrdən 52 tədqiqat qurumunun birgə məlumatında deyilir.

Alimlər iqlim dəyişikliyi ilə mübarizənin daha da ləngiməsi səbəbindən insan sağlamlığı üçün təhlükələrin ciddi həddə çata biləcəyi barədə xəbərdarlıq ediblər.

Hesabata görə, mövcud siyasətlər çərçivəsində qlobal temperaturun 2100-cü ilə qədər sənayedən əvvəlki səviyyə ilə müqayisədə 2,7 dərəcə artması riski var.

Keçən il bir fərd orta hesabla 86 gün sağlamlığa təhlükə yaradan yüksək temperaturlara məruz qalıb. 2013-2022-ci illərdə 65 yaşdan yuxarı insanlar arasında istidən ölüm halları 1991-2000-ci illərlə müqayisədə 85% artıb. Əgər iqlim dəyişikliyi səbəbindən temperatur dəyişməsəydi, bu artımın 38% olacağı təxmin edilir.

Məlumata əsasən, istilik dalğaları və quraqlıqlar səbəbindən 2021-ci ildə 122 ölkədə daha 127 milyon insan ərzaq çatışmazlığı ilə üzləşib.

2022-ci ildə yüksək temperatur səbəbindən dünyada 490 milyard potensial iş saatı itkisi olub və adambaşına düşən əmək itkisi 143 saat təşkil edib. Bu itkilər 1991-2000-ci illərlə müqayisədə 42% artıb.

 

Gözəl Həşimova