Qax rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini mütəşəkkil davam etdirilir. Məhsul istehsalçıları indiyədək 3330 hektar sahədə yazlıq bitkilər əkiblər.

Bu barədə Fins.az-a Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.

Qurum rəsmisi bildirib ki, torpaq mülkiyyətçiləri bu günədək 320 hektar sahədə kartof, 226 hektarda tərəvəz, 210 hektarda vələmir, 53 hektarda dənli paxlalılar, 25 hektarda şəkər çuğunduru, 161 hektarda bostan bitkiləri əkib, 800 hektar sahəyə yonca səpiblər.

Builki mövsümdə rayonda 500 hektaradək sahədə tütün əkilməsi proqnozlaşdırılır. Məhsul istehsalçıları indiyədək 235 hektar sahəyə tütün şitilləri köçürüblər.

Təsərrüfatlarda dən üçün qarğıdalı əkini də davam edir. Cari mövsümdə rayonda 1750 hektar sahədə dən üçün qarğıdalı əkilməsi nəzərdə tutulur. Fermerlər bu günədək 1300 hektar sahəyə qarğıdalı əkiblər.