Məcburi köçkün statusu alan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinə gəlir vergisindən güzəştin tətbiqi ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

İqtisadiyyat.Az.-ın məlumatına görə, bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.

Bununla yanaşı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.14-cü bəndinə əsasən məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi əsasında müəyyənləşdirilir.

Eyni zamanda qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-IQ nömrəli Qanununun 14-cü maddəsi ilə tənzimlənir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, vətəndaş əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu itirir.

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.