Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tez-tez gigeyin qaydalara riayət etməyən, heç bir sertifikatı olmayan süd sexlərinə qarşı reydlər keçirilir. Dünən AQTA tərəfindən paytaxtın Xətai rayonu, Nobel prospekti, 84 ünvanında yerləşən süd və süd məhsulları sexinin də qanunsuz fəaliyyəti ifşa edilib.  

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bildirdi ki, ölkədə tanınmış şirkətlərin adından istifadə edərək saxta yolla fəaliyyət göstərən süd və süd məhsulları mağazaları var:

“On ilə yaxındır ki, “İvanovka” brendi adı altında saxta mağazalar fəaliyyət göstərir. “İvanovka” brendi sovet vaxtından insanların rəğbətini qazanıb. Hazırda iki müəssisə “Uzun ömür İvanovka” və “Qafqaz İvanovka ” MMC “İvanovka” adı altında onlarla heç bir əlaqəsi olmadan məhsullar istehsal edir. Bununla bağlı İqtisadiyyat Nazirliyinə və AQTA müraciət etmişəm. Hətta bununla bağlı icra başçısı və kolxoz sədriylə danışmışam. Məlum olur ki, İvanovka kəndindən heç bir süd gətirilmir, əksinə naməlum yerlərdən süd əldə edib “İvanovka” brendi altında süd məhsulları istehsal edirlər. Əlbəttə süd məhsulları bazarı ölkənin çirklənmiş siqmentlərindən biridir. Buna görə də saxta ad altında fəaliyyət göstərən mağazalar ifşa edilməlidir”. (moderator.az)