Son iki həftə ərzində neftin dünya bazarı üzrə qiyməti gözlənilmədən 70 dolları sürətli şəkildə aşdı və 60 dollara çatdı. İqtisadiyyatı əsasən neftdən asılı olan ölkələrdən biri kimi, Azərbaycan da uzunmüddətli ucuzlaşmadan zərər görür. Ölkənin tədiyə balansının mənfi saldoya düşməsi üçün “Azəri Light”ın qiyməti neçə dollar olmalıdır? Mövcud ucuzlaşma milli valyutaya hər hansı mənfi təsir göstərə bilərmi? İqtisadçı ekspert Elman Sadıqov İqtisadiyyat.Az-a açıqlama verərkən qiymətin 55 dollara belə düşməsinin heç bir mənfi təsiri olmadığını bildirib:

“Tədiyə balansının mənfi saldoya düşməsi üçün “Azəri Light” neftinin bareli 50 dollar ətrafında olmalıdır. Azərbaycan büdcəsində neftin qiyməti 60 dollar götürülüb. 5 aydır Azərbaycan neftini 70-74 dollara satır. Ona görə də, 2019-cu ilin növbəti ayları ərzində neft hətta 50-55 dollar olsa ortalama qiymət 60 dollardan yuxarı olacaq. Buna görə də qiymətlərin ucuzlaşması manata heç bir təsir göstərə bilməz. Əgər qeyri-neft sektorunun ixracatdakı payı 25-30% təşkil etsəydi, neftin büdcə üçün qırmızı xətt qiyməti 45 dollar səviyyəsində götürülərdi və neftin qiymətinin ucuzlaşmasını fikirləşməzdik”.

Neftin dünya bazarında daha da ucuzlaşması mümkündürmü? Ekspert, qiymətlərin 60 dollardan aşağı düşmə ehtimalının olmadığını və buna əsas verən amilləri də dilə gətirib: “Azəri Light”-in 50 dollar ətrafında olması üçün gərək “Brent” nefti 50 dollardan da aşağı olsun. İndiki tendensiya onu göstərir ki, “Brent” markalı neftin 50 dollar ətrafına düşüb, o səviyyədə qalma ehtimalı azdır. Bir müddət öncə telekanalların birində açıqlama vermişdim ki, neftin qiyməti yaxın zamanlarda 60 dollara qədər düşəcək və o həddə qalacaq. ABŞ istəsə neftin qiymətini indi də 45-50 dollara endirə bilər. Çünki dünya neft bazarında bunun üçün əsas yaradıb. Təkcə Venesuela və İrana qoyduğu sanksiyaları qaldırsa qiymətlər kəskin ucuzlaşa bilər. Hətta Rusiya etiraf etdi ki, neft bazarında əsas söz sahibi Amerikadır. Qiymətlərin 60 dollardan aşağı düşməsinə ehtimal yoxdur və şəxsən də inanmıram. Çünki ABŞ və Avropada inflyasiya həddi 2%-dir. Onlar üçün neftin ucuzlaşması o qədər də sevindirici deyil. Digər tərəfdən Səudiyyə Ərəbistanı da buna imkan vermir. Belə ki, ərəb dövləti qiymətin 60 dollardan aşağı düşdüyü halda sərt bəyanatlar verir və ABŞ da heç bir əks təpki göstərmir. Həmçinin ABŞ-ın neft ehtiyatları da çox deyil. Bunlar da onu göstərir ki, ABŞ qiymətlərin 60 dollardan aşağı olmasında maraqlı deyil. Ancaq iyulda, avqustda nə olacaq bilmək olmaz”.

Mehman Nəbiyev