Hələlik sərbəst qalan De Xea ilə yenidən müqavilə imzalamağa çalışan "Mançester Yunayted"in Altay Bayındırla maraqlandığı iddia edilib.

Arda Güləri "Real Madrid"ə göndərən "Fənərbağça"da transfer baxımından isti saatlar yaşanmağa davam edir. Vilfrid Zahadan xəbər gözləyərkən "sarı-göylər" klubunun gözü qapıçı Altay Bayındırdadır.

İqtisadiyyat.az türkiyəli jurnalist Yağız Sabuncuoğluna istiandən xəbər verir ki, La Liqa və İngiltərə Premyer Liqasının iki klubu Altayı istəyir. Sözügedən klublar Türkiyə millisinin qapıçısının transferi üçün "Fənərbağça" ilə danışıqlara başlayıb.

Daha bir iddia isə “A Spor”dan gəlib. "Fənərbağça"nın müxbiri Əhməd Səlim Kul "Mançester Yunayted"in Altayla maraqlandığını bildirib.

Təcrübəli qapıçının 5 milyon avroluq sərbəst qalma müddəasının olduğu da məlumatlar arasındadır.

"Fənərbağça" ilə 2027-ci ilə qədər müqaviləsi olan Altayın komandadan ayrılmağı düşündüyü və klubun da buna müsbət yanaşdığı bildirilir.

Bununla belə, “Yunayted” hələ də müqaviləsi başa çatan De Xea ilə danışıqlar aparır. Məlum olub ki, Premyer Liqa nəhəngi ispan əlcək sahibi ilə yenidən razılığa gələ bilməsə, "İnter"in qapıçısı Andre Onananı transfer etmək istəyir.