Bir qrup mədəniyyət və incəsənət xadiminin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzlüyündən istefa verməsi xəbəri ölkədəki kino xadimlərini yenidən dilə gətirdi. 

İqtisadiyyat.az-ın sorğusunu cavablandıran kinorejissor Tahir Tahiroviç baş verən hadisəni belə şərh edib:

 

kinorejissor Tahir Tahiroviç

 

“Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradıcı qurum deyil, siyasi bir təşkilatdır. Sanki bir siyasi partiyadır. Həmişə bunu demişəm, vaxtında da etirazımı bildirmişəm. Mənə qalsa, bu təşkilat ümumiyyətlə ləğv olunmalıdı. Əgər ləğv olunmursa, qalırsa, adını dəyişsinlər. Bir adda iki təşkilat ola bilməz. İstefa verənlərə isə yazığım gəlir. Onlar böyük sənətkarlardır. Özlərini elə hala salıblar ki, həqiqətən yazığım gəlir”.

Kino yazarı Vasif Ayan sözügedən qurumun istefa verən üzvlərinə dəstəyini ifadə edib: “Onlar mövqelərində haqlıdırlar. Düz ediblər. Amma gərək digərləri də qoşulardı bu aksiyaya. Faktiki olaraq o qurumda iş getmir, bir fəaliyyətsizlik mühiti hökm sürür. Ortada bir dənə bina var, vəssalam. İş yoxdur. Amma Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi ittifaqda mühit tamam fərqlidir. Orada əməlli-başlı fəaliyyət var, yaradıcı görüşlər keçirilir, kitablar çap olunur, kino günləri təşkil edilir və s”.

 

Kino yazarı Vasif Ayan və Xalq artisti Ənvər Həsənov

 

Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi qurumu fəaliyyətsizlikdə ittiham edən V.Ayan quruma üzv olan kino adamlarına laqeyd münasibəti də xüsusi vurğulayıb: “Onlar tez-tez deyirlər ki, quruma üzv olan və səhhətində problemlər olan kino adamlarının müalicə xərclərinə yardım edirlər. Amma məndə olan məlumata görə, Xalq artisti Ənvər Həsənovun səhhətində ciddi problemlər yaranmışdı, onlar çox kiçik, hətta deyərdim ki, biabırçı bir məbləğlə onun evinə getmişdilər, Ənvər müəllim və ailəsi də bu pulu qəbul etməmişdi. Baxmayaraq ki, o dönəmdə çox ehtiyacları vardı. Ümumiyyətlə bu qurumun maliyə şəffaflığı da sorğulanmalıdır və mənə qalsa bu iki ittifaq birləşdirilməlidir”.

Mövzu ilə bağlı İqtisadiyyat.az-a danışan Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudbəy qurumdan istefasını belə əsaslandırıb:

 

rejissor Şeyx Əbdül Mahmudbəy

 

“Şəfiqə Məmmədovanın sədrliyi tarixi günah, tarixi səhv olub. Sədr seçildikdən sonra başladı buranı xüsusi idarəsi, xüsusi sexi kimi idarə etməyə. Nizamnaməyə görə, 5 ildən bir qurultay keçirilməli və açıq seçki yolu ilə sədr seçilməlidir. 7 ildir keçirilmir, 12 ildir Şəfiqə xanım oturub orada. Bu qadın oradan elə yapışıb ki, elə bil dədəsinin xüsusi mülküdür. Sən kimsən axı?! Sənin kinoya nə aidiyyatın var? Səni kim gətirib otuzdurub orada? Bu qədər katiblərin birinə bir manat maaş vermir, maaşı oğluna verir”. Xalq artisti yeni sədrin kim ola biləcəyi ilə bağlı təklifini də irəli sürüb: “İki ittifaq birləşməli, qurultay keçirilməli və yeni sədr seçilməlidir. Şəfiqə Məmmədovanın sədrliyi isə təftiş edilməli və ciddi yoxlanılmalıdır. Kinematoqrafçılar ittifaqına isə rejissor rəhbərlik etməlidir. Bizim çox bacarıqlı kino xadimlərimiz var. Elxan Cəfərov, Vaqif Mustafayev, Cəmil Quliyev - bu insanlar quruma rəhbərlik edə bilər. Aidiyyatı qurumlar mütləq bu məsələyə reaksiya verməli və Şəfiqə Məmmədovanın özbaşınalığına son qoyulmalıdır”. 

Vaxtı ilə qurumun üzvü olmuş, bir neçə il əvvəl isə fəaliyyətsizliyə etiraz olaraq istefa vermiş adının açıqlanmasını istəməyən kino xadimlərindən biri də deyilənləri təsdiq edib: “Ş.Məmmədova heç bir qurultay keçirmədən özü özünü sədr təyin edib və protokollaşdırıb. Üzvlər də buna etiraz olaraq çıxırlar. Heç kimi qınamaq da olmur. İttifaqın 400 min manata yaxın büdcəsi var, amma ortada fəaliyyəti yoxdur. Eşitdiyimə görə, Ş.Məmmədova beynəlxalq festivallara kino adamlarını deyil, yalnız oğlunu göndərir. Bu da kino xadimlərini qıcıqlandırırdı”.

 

Şəfiqə Məmmədova və oğlu Ülvi Mehdi