ABŞ dövlət katibi Maykl Pompeo Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyi sahillərində 4 neft tankerinə hücumun İran tərəfindən törədildiyinə əmindir. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Pompeo İranın bununla dünya bazarlarında nefti bahalaşdırmağı hesabladığını deyib.

“Dörd tankerə hücum dünya bazarında neftin qiymətinin artmasına səbəb olmalıydı”,-Pompeo bildirib.

Xatırladaq ki, həmin hücumda ikisi Səudiyyə Ərəbistanına aid olmaqla 4 neft tankeri ciddi zədələnib. Hücumun sualtı minalarla törədildiyi bildirilir. Hadisədən bir neçə gün sonra ABŞ prezidentin milli təhlükəsizlik müşaviri Con Bolton hücumu İranın törətdiyini açıqlayıb. Bolton bildirib ki, hücumda İranın iştirakına dair sübutları BMT-yə təqdim etməyə hazırdır. İran isə bu hücumda hər hansı iştirkını qəti təzib edir.

Tankerlərlə hücumdan sonra doğrudan da dünya bazarlarında neftin qiyməti artıb və 74 dollara çatıb. Lakin sonradan qiymət enməyə başlayıb. Dünən isə neftin qiymətində kəskin eniş baş verib, “Brent” markalı neftin bir barreli gün ərzində 6 faizdən çox ucuzlaşaraq 65 dollara yaxınlaşıb.