Təxminən 10 il öncə “Bakı Metropoliteni” QSC-nin Xətai rayonunda inşasına başladığı “Həzi Aslanov-2” stansiyasında işlər hələ də tamamlanmayıb.  İddialara görə, il ərzində “Həzi Aslanov” stansiyası da daxil olmaqla, bir çox stansiyalarda genişmiqyaslı təmir işlərinin gedəcəyi gözlənilir. İlk təmir işlərinin isə yaxın günlərdə qrunt suları axdığı üçün “Həzi Aslanov” stansiyasından başlanacağı qeyd olunub. 

 

 

Mövzu ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, şərti adı "Həzi Aslanov-2" stansiyası ilə bağlı hazırda yenilik yoxdur:

"Ümumilikdə "Həzi Aslanov-2" stansiyası üzrə inşaat işlərinin davam etdirilməsi və tamamlanması iki istiqamətdə görülən işlərdən asılıdır. Birincisi Bakı şəhərinin Baş Planı ilə bağlıdır. Əgər Plan təsdiqlənərsə, bu halda təkcə "Həzi Aslanov-2" stansiya deyil, eyni zamanda xüsusi yerə malik olan "Bakı Metropoliteni" xəttlərinin (yaşıl və qırmızı) ayrılması layihəsi üzrə görüləcək işlərlə bağlı müddət və iş həcmi açıqlana bilər. İkincisi isə "Bakı Metropoliteni"nin konseptual inkişafı sxeminə uyğun olaraq icra olunan məsələlərdir. 

Hazırda şərti adı “B-04” olan "Bənövşəyi" xətt üzrə inşaat işləri aparılır. "B-04" stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir. Onun dərinliyi, ərazinin relyefindən asılı olaraq, 29-32 metr olmaqla dörd səviyyədə inşa edilir. Ən üst qatda - birinci səviyyədə kassa zalı və vestibül yerləşəcək. Sərnişinlər stansiyaya dörd girişdən qəbul olunacaq. Zalın ortasından ikinci səviyyəyə enmək üçün eniş pilləkəni və onun hər iki tərəfində üç eskalator üçün yer ayrılıb. Bir tərəfdə bir, digər tərəfdə iki eskalator quraşdırılacaq. İkinci səviyyə keçid funksiyası daşıdığından keçid səviyyəsi adlanır. Bura platforma səviyyəsinə eniş üçün nəzərdə tutulub. Keçid adı bu səviyyəyə həm də oradan Sarı xəttə keçidin yaradılacağına görə verilib".

"Həzi Aslanov" stansiyasının bağlanmasına toxunan qurum rəsmisinin sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri görülür:

"Bu ilin sonuna “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Həzi Aslanov” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılacaq. Hazırda görüləcək işlərin layihəsi və texnoloji proseslərin ardıcıllığı üzərində iş aparılır. Layihə üzrə işlər başa çatdıqdan və prosedur qaydalarına uyğun tədbirlər görüldükdən sonra təmir işlərinə başlanılacaq və bununla bağlı ictimaiyyətə məlumat veriləcək. Təmir işlərinə stansiyanın dönmə kamerasında, yəni qatarların dalan yollarında başlanılacaq. Daha sonra proses stansiyanın özündə davam etdiriləcək. Bütün proses tam dəqiqləşdikdən sonra ictimaiyyətə məlumatlar tam açıqlanacaq".

Xatırladaq ki, hazırda Bakı metropoliteninin 26 stansiyası var. 

Gülşən Şərif