“Çarter reysi ilə gələn “Çelsi” və “Arsenal” azarkeşlərinin təyyarənin trapından hava limanı terminallarına çatdırılması ilə bağlı məsələlər artıq həllini tapıb. İlk çarter reysinin gəlməsi ilə əlaqədar artıq bu iş icra olunacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev deyib. O, qeyd edib ki, bu məqsədlə hava limanı ərazisində 40 avtobus ayrılıb: “Eyni zamanda çarter reysi ilə gələn azerkeşlərin xüsusi ekspress xətt avtobusu ilə müəyyən olunmuş məntəqələrə yəni,  Bakı Olimpiya Stadionun ərazisi, eyni zamanda,  “Depo-2” ərazisinə rahat şəkildə çatdırılması üçün iki ekspress xətt ayrılıb. Bir neçə saat sonra bu avtobuslar hərəkətə başlayacaq. Turistlərin eyni zamanda, Bakı Olimpiya Stadionun ərazisindən və “Depo-2” ərazisindən şəhərin müxtəlif ərazilərinə daşınması ilə bağlı xüsusi ekspres xətt avtobusları fəaliyyət göstərəcək”.

 M. Ağayev həmçinin oyunla əlaqədar hər hansı marşrut xəttində dəyişiklik olmayacağını da vurğulayıb: “Mayın 29-u tarixində marşrut xətlərinin vaxtının uzadılması ilə bağlı daşıyıcılara göstəriş verilib. Yəni təqribən avtobuslar gecə saat 3-dən 4-ün yarısına kimi fəaliyyət göstərəcək. 

Ölkəmizdə də oyuna bilet alan kifayət qədər vətəndaşlarımız var. Onların daşınması ilə bağlı da ayın 29-da ekspress xətt avtobusları fəaliyyət göstərəcək. Həm “Qara Qarayev” metrostansiyasının yanından, həm də Səməd Vurğun bağı yaxınlığındakı Dilarə Əliyeva küçəsindən “X 1” və “X2” müntəzəm marşrut xətti fəaliyyət göstərəcək.Onların da daşınmasına saat 19:00-dan başlanılacaq. Eyni zamanda, oyun bitdikdən sonra həmin tamaşaçılar Bakı Olimpiya Stadionunun ərazisindən müvafiq olaraq “Qara Qarayev” stansiyasına və Səməd Vurğun bağı istiqamətində geri daşınacaqlar. 

Bundan əlavə, Bakı Nəqliyyat Agentliyi tərəfindən yollarda tıxacın aradan qaldırılması üçün müvafiq addımlar atılır. Ekspres xətlərin keçdiyi ərazilər də tam nəzarətə götürülüb. Ümumiyyətlə, mayın 20-dən başlayaraq Agentlik gücləndirilmiş iş rejimində çalışır”.