Əhalinin sosial rifahının yaxşılaşması üçün görülən tədbirlər göz önündədir. 2019-cu ilin ilk rübündə ölkə Prezidentinin imzaladığı bir sıra sərəncam və fərmanlar əsasında sosial müavinətlər, təqaüdlər və minimum əməkhaqqı artırıldı. Əhalinin devalvasiyalardan sonra banklarda yığılıb qalmış problemli kreditlərinin həlli üçün dövlət başçısı tərəfindən fərman imzalandı. Təbii qaza qoyulan limit, Milli Məclisdə müzakirə olunduqdan sonra artırıldı. Bütün bunlardan əlavə baş verən təbii hadisələr, fəlakətlər fonunda dövlətin vətəndaşın yanında olması da, əhalinin sosial rifahının yüksəlməsinə yönəlik atılmış addımlardır.

İqtisadçı ekspert Pərviz Heydərov, dövlətin əsas vəzifəsini təşkil edən əhalinin sosial rifahının, əmin-amanlığın qorunması mövzusunda İqtisadiyyat.Az-a açıqlama verib. O, bildirib ki, hazırda dövlət büdcəsinin yarıdan çoxu əməkhaqqı və pensiyalara sərf olunur: “Sosial dövlət deyilən, bir anlayış var. Bu vətəndaşların rifahını başlıca vəzifəsi hesab edən, onların iqtisadi-sosial əmin-amanlıqlarını qorumağa çalışan sistem və quruluşdur. Bütün bunlar dövlətimizin əsas vəzifələrini təşkil edir. Təkcə dövlət büdcəmizə diqqət yetirmək kifayətdir: hər il onun xərclər hissəsinin əsasını sosial məsrəflər təşkil edir. Yəni, dövlət büdcəsi xərclərinin az qala yarıdan çoxu əmək haqqı və pensiya, o cümlədən, müavinətlərin ödənişinə gedir. Və bunlar da demək olar, hər il artırılır. Son 15 ildə sosial istiqamətdə dəfələrlə artımlar olub. İşsizlik səviyyəsi enib, yoxsulluq azalıb. 2003-cü ildən bəri əməkhaqları 7 dəfə, pensiyalar 10 dəfə artıb, 50%-dən yuxarı olan işsizlik isə birrəqəmli həddə enib. Başqa konkret rəqəmlər də gətirə bilərəm. Minimum əməkhaqqı səviyyəsi yaşayış minimumu həddinə çatdırılıb və sair. 2019-cu il başlanandan dövlət başçımız tərəfindən problemli kreditlərlə bağlı, o cümlədən, pensiya və sosial müavinətlərin artırılması ilə əlaqədar imzalanan fərman və sərəncamlar nəticəsində dövriyyəyə 2,2 milyard manatdan çox əlavə vəsait daxil olacaq. Bu onu göstərir ki, dövlətimizin yürütdüyü iqtisadi kursun qayəsində və hədəfində vətəndaşların maddi və sosial durumu və bunun davamlı olaraq yaxşılaşdırılması durur”.

Ekspert, dünya ölkələrində də dövlətin vətəndaşının yanında olduğunu, ancaq Azərbaycandakı kimi hər bir hadisə zamanı vətəndaşa dövlət dəstəyi göstərən ikinci dövlət olmadığını vurğulayıb: “Bütün bunlardan əlavə, zəlzələ, subasma, yanğın və digər fəlakətlər baş verən kimi, dövlət dərhal vətəndaşın yanında peyda olur. Halbuki, bazar iqtisadiyyatı şəraitində məsuliyyət və zəmanət bölüşdürülməlidir. Çünki dövlətin olduqca vacib və ağır vəzifələri var. O, hər şeylə yüklənməli deyil. Bəs, sosial artımların davamlığı üçün nə lazımdır? Sosial maliyyələşdirməni həm üfüqi, həm də şaquli istiqamətdə genişləndirmək və artırmaq, dövlət büdcəsinə gəlirlərdə isə şəffaflıq yaratmaq və gizli gəlir mənbələrini aşkarlamaq, mədaxilin ardıcıl templə yüksəlməsini təmin etmək kökü üzərində bitən ağac kimi bir şeydir: kök yaxşı qidalanmasa – ardıcıl inkişaf etməsə, üzərində heç nə bitməz. Sosial sahə, başqa sözlə desəm, əhalinin maddi rifahının fasiləsiz olaraq yaxşılaşdırılması da sağlam maliyyələşdirmə tələb edən məsələdir. Yəni, burada "donor mənbələri" işə yarayan deyil. Başqa sözlə desəm, təkcə neft və qaz gəlirləri hesabına nəyəsə nail olmaq mümkün deyil. Söhbət, neft-qaz sektorundan daxilolmalardan gedir. Yəni, uzunmüddətli olaraq... Odur ki, irimiqyaslı sosial paketin icrası üçün iqtisadiyyat gərək sağlam olsun və bütün növ gəlir mənbələri üzrə mənzərə şəffaf, leqal, aşkar və stimullaşdırıcı xarakter kəsb etsin, kölgə prinsiplərinin yaranması və təşəkkül tapması üçün ortada heç bir zəmin mövcud olmasın. Sözün qısası, kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması istiqamətində addımlar davam etdirilməlidir”.

Pərviz Heydərov, eyni zamanda, təhsilin səviyyəsinin də qaldırılmalı olduğunu, savadsız cəmiyyətdə sosial dövlət modelinin əsla təşəkkül tapa bilmədiyini nəzərə çatdırıb: “Odur ki, əvvəl, xüsusən təhsilə diqqət yetirmək lazımdır. Vətəndaşlar savadlandırılmalıdır ki, dövlət də sosial istiqamətdə vəzifələrini daha düzgün müəyyən edə bilsin. Yoxsa, təkcə əməkhaqqları, pensiya və sosial müavinətləri artırmaqla iş bitməyəcək və bitə də bilməz... Bəli, ölkəmiz sosial dövlət modeli quruculuğunda inamla addımlayır. Və bunun təşəbbüskarı dövlət başçımız İlham Əliyev sayılır. Ancaq vətəndaşların da bu sahədə köməyi lazımdır. Belə ki, “itki varsa, bunu mütləq dövlət və hökumət ödəməlidir, problem, maneə və yaxud sədd varsa, bunu da dövlət və hökumət aradan götürməlidir” kimi düşüncə normal sosial dövlət quruculuğu işində səhv yanaşmadır”.

Mehman Nəbiyev