Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Sumqayıt DOST, Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzinin xarici elektrik təchizatı işlərinin satın alınması ilə bağlı tender yekunlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "AZCİS" MMC olub.

Bağlanmış müqaviləyə uyğun olaraq, Agentlik göstəriləcək xidmətlərə görə şirkətə 3.076.400,42 manat ödəniş edəcək.

Agentlik fevralın ortalarında sözügedən mərkəzlər üçün yeni İT və yardımçı avadanlıqların satınalınması ilə bağlı elan etdiyi daha bir tenderə yekun vuraraq “B2B GROUP” şirkəti ilə 5 389 546 manatlıq müqavilə bağlayıb.

Beləliklə, son bir ayda DOST-un təkcə iki sahə üzrə xərclədiyi vəsait 8,4 milyon manatı ötüb.

Qeyd edək ki, "AZCİS" MMC 2013-cü ildə yaradılıb. Bir neçə fəaliyyət növü ilə məşğul olur. Şirkətin qanuni təmsilçisi Rüstəmli Sayalı Elsevər qızıdır. Şirkət peşə hazırlığı fəaliyyəti ilə məşğul olan müəssisə kimi Dövlət Məşğulluq Agentliyinin reyestrinə daxil edilib.