“Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi ilə bağlı layihədə rüsumların kəskin şəkildə artırılması deputatların etirazına səbəb oldu. Qanun layihəsində göstərilir ki, uşaq bağçaları, təhsil müəssisələrinin yaradılmasına görə 15-20 min manat məbləğində rüsum ödəməlidirlər.

Deputat Qüdrət Həsənquliyev məktəbəqədər təhsil müəssisələrinin açılmasına görə böyük miqdarda rüsum tələb olunmasını doğru saymadı. Dedi ki, əslində belə müəssisələr açmaq istəyən şəxslərə güzəştlər tətbiq edilməlidir.

Deputat Fərəc Quliyev dedi ki, Azərbaycanda rus dilində təhsil alanların faizi 5 faizə çatıb: “Çox təəssüflər olsun ki, Türkiyə filmini yayanda tərcümə edirlər, amma rus dilində televiziyalarda filmlər, verilişlər verəndə tərcümə edilmir”.

Deputat Asim Mollazadə də rüsumların yüksək olmasını doğru saymadı: “Dövlət rüsumlarının artırılması dövlət başçısının apardığı siyasətə ziddir və sahibkarlıq fəaliyyətinə zərbədir. Eyni zamanda bu, təhsilin keyfiyyətinə və inkişafına zərbədir! Bu, həm də bununla təhsil sistemində olan qüsurları ört-basdır edirik. Bu gün dövlət büdcəsində hərbi sahədən sonra ən çox vəsait təhsilə ayrılır. Ancaq belə görünür ki, vəsait ünvanına çatmır. Mən bu təkliflərin əleyhinə çıxış edəcəyəm və çox xahiş edirəm ki, biz bu rüsumların qarşısını alaq!”

Deputat Musa Quliyev də həmkarlarının fikirlərini müdafiə etdi: “Təklif edirəm ki, bu məsələ gündəlikdən çıxarılsın və geri qaytarılsın. Nəyə görə cənab prezidentin siyasətinə zidd olaraq rüsumlar artırılır? Bu 15-20 min rüsum sahibkardan alınmayacaq, övladını orada oxutmaq istəyən vətəndaşdan alınacaq. Bu layihəni hazırlayanlar niyə Azərbaycan prezidentinin siyasətinə zidd gedirlər, bunu da ayrıca araşdırmaq lazımdır. Prezident təkcə bu il vətəndaşların sosial vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar 20-yə yaxın fərman və sərəncam verib. Gəlin biz də prezidentin siyasətini əməlimizlə dəstəkləyək. Yoxsa sözlə “sinəmizi qabağa vermişik-filan” deməyə ehtiyac yoxdur”.

Deputat Qənirə Paşayeva da rüsumların artırılması ilə bağlı müddəanın layihədən çıxarılmasını təklif etdi: “Mən kənd rayonunu təmsil edirəm. Bağçalar çatışmır. Ondan-bundan xahiş edirik ki, xeyriyyəçilik fəaliyyəti göstərsinlər. Heç rüsumlar olmadan bölgələrdə bağçaların açılmasını görmürük. Bu rüsumlardan sonra kim gedib bağçalar açacaq? Bu, rentabelli olmayacaq”.

Deputat Məlahət İbrahimqızı da həmkarlarının fikirlərini müdafiə etdi: “Bu layihə davlətimizin, prezidentimizin apardığı siyasətə tamamilə ziddir. Bu gün prezidentimizin fərmanı ilə sahibkarlara güzəşt edilir. Belə olan təqdirdə belə bir qanun layihəsinin Məclisə gəlməsi şübhəlidir. Mən bu layihənin əleyhinə çıxış edəcəyəm”.(musavat.com)