Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana 292 902 nəfər səfər edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə gedənlərin sayında 8 651 nəfər və ya 3% artım qeydə alınıb.

Bu göstərici ilə yanvar-mart aylarında Azərbaycan vətəndaşları Gürcüstana səfər edənlərin sayı baxımından birinci yeri tutub. İkinci yerdə 254 077 nəfərlə Rusiya, üçüncü yerdə isə 232 449 nəfərlə Ermənistan vətənaşları qərarlaşıb.

Hesabat dövründə qonşu ölkəyə, ümumilikdə, 1 617 548 əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,2% çoxdur. Turistlərin sayı isə illik müqayisədə 5,1% artaraq 882 130 nəfər təşkil edib.