İqtisadiyyat.az Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına istinadən xəbər verir ki, cari ilin Yanvar- Fevral aylarında bankların əməliyyat mənfəəti 113.7 milyon manat, xalis mənfəəti isə 49.2 milyon manat təşkil edib. 

2018-ci ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 2,9 dəfə azalıb. Səbəb bu il bankların mənfəətin böyük hissəsini aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarıdır. 

2018-ci ilin ilk 2 ayı ərzində bankların əməliyyat mənfəəti 113.7 milyon manat, xalis 141.3  milyon manat təşkil etmişdi. 

2019-cu ilin yanvar-fevral ayları ərzində bankların cəmi gəlirləri 418,5 milyon manat, cəmi xərcləri 304,8 milyon manat təşkil edib. Nəticədə 113.7 milyon manat əməliyyat mənfəəti formalaşıb. Əməliyyat mənfəətinin 55.4 milyon manatı ehtiyatlara yönəldilib. 2.1 milyon manatlıq “digər gəlirlər” daxil bank sektorunun mənfəəti 60.4 milyon manata düşüb. Bu mənfəətdən də 11.2 milyon manat mənfəət vergisi ödənilib.