Azərbaycanda postkoronavirus pandemiyası dövründə - xüsusi karantin rejiminin həyata keçirildiyi bir vaxtda iqtisadiyyat, sənaye və kənd təsərrüfatı sahələrində geriləmələri aradan qaldırmaq həlli vacib məsələlərdəndir.

“Azərpambıq ASK” MMC-dən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi uzaq görənliyi sayəsində bir sıra xüsusi əhəmiyyətli sahələrin, o cümlədən kənd təsərrüfatı bölmələrinin fəaliyyət göstərməyinə dövlət tərəfindən icazə verildikdən sonra “Azərpambıq ASK” MMC-nin kollektividə ilk vaxtlar məhdud sayda işçi qüvvəsi ilə öz işini davam etdirməyə başlayıb. Elə bunun nəticəsidir ki, regionlarda mövsümi işlər vaxtında öz axarına düşüb.

Məlumatda deyilir ki, hazırda nəzərdə tutulan çiyid səpini işləri aqrotexniki qaydalarda müvəffəqiyyətlə davam etdirilir: “Belə ki, bu il respublikamızın 15 rayonunda 29 min hektar əkin sahəsində pambıq əkilməsi qarşıya məqsəd qoyulub. Bu günə qədər 23 min hektar sahəyə çiyid səpilib, 8 500 hektarda ilkin çıxış alınıb. Aprel ayının 10-dan başlanan çiyid səpini, təxminən mayın 10-na qədər başa çatdırılmalıdır. Keçən ilkindən fərqli olaraq bu il hər hektardan (keçən il 28 sentner) 30 sentner məhsul götürmək nəzərdə tutulur”.

Cəmiyyətdən bildiriblər ki, bu il cəmiyyət tərəfindən əkin mövsümündə bir neçə yeni əlverişli üsul tətbiq edilir: “Bunlara misal olaraq qoşa cərgə ilə səpin üsulunu göstərmək olar. Bu üsulda eyni vaxtda iki cərgə ilə əkin aparan səpin aqreqatlarından istifadə edilir. Belədə səpin zamanı hər hektarda bitki sayı çox olur. Bu da məhsuldarlığın xeyli yüksəldilməsinə imkan verir. Bu üsul, hələlik Biləsuvar təcrübə-sınaq təsərrüfatı, həmçinin pambıq istehsalı və emalı zavodunda, Ağcəbədi və Bərdə rayonlarının pambıq əkini sahələrində eksperiment olaraq tətbiq edilir”.

Həmçinin qeyd edilib ki, tirə üsülu ilə əkin isə şirkət üzrə təxminən 500 hektar sahədə nəzərdə tutulur: “Bu üsulla əkinin özünə məxsus üstünlükləri var. Başqa sözlə, bu üsulun əkinə tətbiq edilməsi daha çox məhsuldarlıqda mənfəətin artırılmasına imkan yaradır. Məhsuldarlığın artırılması üçün vaxtında verilən gübrələr də mühüm əhəmiyyət kəsb edir. Bunun üçün sahələr tələb olunan miqdarda “Ammofos”,”Ammonium nitrat”- Azot və karbamid gübrələri ilə təmin edilir”.